Azərbaycan gənclər təşkilatlarının nümayəndələri Britaniyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər
Bakı, 11 iyun, AZƏRTAC
Azərbaycanda fəaliyyət göstərən gənclər təşkilatlarının nümayəndələri iyunun 11-də Böyük Britaniyanın Bakıdakı səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
Aksiya iştirakçıları təəssüflə bildiriblər ki, Avropa Azərbaycanın müstəqil siyasət yürütməsini, nüfuzunun getdikcə artmasını, ölkəmizdə möhtəşəm idman bayramının keçirilməsini qəbul etmək istəmir. Buna görə də bu gün Azərbaycana qarşı qarayaxma kampaniyası aparılır, ikili standartlar nümayiş etdirilir. Azərbaycan gəncləri də daxil olmaqla bütün ölkə vətəndaşları buna qarşıdır.
Gənclər aksiyada “İdmanın siyasiləşdirilməsi yolverilməzdir”, “Azərbaycan xalqının milli maraqlarına zərbə vurmağa son qoyun!”, “Azərbaycan gəncləri ikili standartlara yox deyir”, “Azərbaycandan əl çəkin!” kimi şüarlar səsləndiriblər.
Sonda aksiyanın qətnaməsi oxunub və səfirliyə təqdim edilib. Qətnamədə deyilir: “Sabah Bakı Olimpiya Stadionunda birinci Avropa Oyunlarına start veriləcək. Əlli ölkədən altı mindən çox idmançının yarışacağı bu möhtəşəm tədbirin yüksək səviyyədə hazırlanması üçün böyük əmək sərf edilib, qısa müddət ərzində atletlər, jurnalistlər və şəhərimizin qonaqları üçün hər cür şərait yaradılıb.
Qitənin ictimai və mədəni həyatında əlamətdar bir hadisə olmasına baxmayaraq, bəzi dairələr Avropa Oyunlarının əhəmiyyətini azaltmaq, ona ev sahibliyi edən Azərbaycanı gözdən salmaq üçün geniş təbliğat aparır, kütləvi informasiya vasitələri və qeyri-hökumət təşkilatları vasitəsilə iftira və yalan dolu məlumatlar yayır, müxtəlif aksiyalar təşkil edirlər. Təəssüf ki, Birləşmiş Krallığın media qurumları və QHT-ləri, BBC radiosu, “The Guardian” və “The Independent” qəzetləri, “Platform London” təşkilatı bu istiqamətdə daha çox canfəşanlıq göstərir, böhtan kampaniyası aparanların ön sıralarında dururlar. Böyük Britaniya hökuməti isə belə hallara adekvat münasibət bildirmək, 150 nəfərlik heyətlə Bakıya gələn idmançılarını ruhlandırmaq əvəzinə, susqunluq nümayiş etdirir, bir çox hallarda anti-Azərbaycan şəbəkəsinin təxribatlarına hərtərəfli dəstək verir. Azərbaycanın iqtisadi potensialı, təbii və intellektual sərvətləri hesabına milyardlarla funt-sterlinq gəlir götürən bir ölkənin hökumətinin bu cür riyakar mövqe tutması təəccüb və hiddət doğurmaya bilməz.
Biz Birləşmiş Krallıq hökumətinin qərəzli və ikiüzlü siyasətini qətiyyətlə pisləyir, onu ölkəmizə qarşı siyasi təzyiq məqsədi güdən qarayaxma kampaniyasının iştirakçısı olmaqdan çəkinməyə çağırırıq.
Azərbaycan Respublikasında fəaliyyət göstərən gənclər təşkilatlarının təmsilçiləri”.