SİYASƏT
Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrin inkişafı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir
![Azərbaycan-Gürcüstan parlamentlərarası əlaqələrin inkişafı strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə xidmət edir](/files/2020/3/1200x630/16088904665819127517_1200x630.jpg)
Tbilisi, 25 dekabr, AZƏRTAC
Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev dekabrın 25-də bu ölkənin parlamentinin sədri Arçil Talakvadze ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ölkələrimiz arasındakı tarixi dostluq və qonşuluq münasibətləri, iqtisadi, siyasi, mədəni sahələrdə əlaqələrin inkişaf perspektivləri, o cümlədən parlamentlərarası əməkdaşlığın dərinləşdirilməsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Söhbət zamanı qlobal pandemiyanın yaratdığı problemlər, regiondakı vəziyyət də diqqət mərkəzində olub.
Tərəflər Gürcüstan ilə Azərbaycan arasında ticarət əlaqələrinin və turizm sektorunun tezliklə bərpasının hər iki ölkə üçün prioritet olduğunu bildirib, pandemiya başa çatdıqdan sonra bu və digər sahələrdə əməkdaşlığın sürətlə inkişaf edəcəyinə əminliklərini ifadə ediblər.
Görüşdə bölgədə sülh və sabitliyin bərpasının təkcə bu iki dövlət üçün deyil, bütövlükdə region üçün önəmi qeyd olunub.
Vurğulanıb ki, parlamentlərarası münasibətlərin inkişafı ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın, strateji tərəfdaşlığın daha da möhkəmlənməsinə və genişlənməsinə zəmin yaradacaq.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi