Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında 20 Yanvar faciəsinin ildönümü qeyd edilmişdir
Bakı, 17 yanvar (AZƏRTAC). Yanvarın 17-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) 20 Yanvar faciəsinin 24-cü ildönümünə həsr edilmiş tədbir keçirilmişdir. Bu barədə qurumun mətbuat xidmətindən AZƏRTAC-a məlumat verilmişdir.
AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev tədbirdə çıxış edərək demişdir ki, Azərbaycanın tarixinə Qanlı Yanvar faciəsi kimi daxil olmuş həmin gün keçmiş sovet dövlətinin xalqımıza qarşı törətdiyi terror aktı, ən ağır cinayətlərdən biri idi. Azadlıq uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, günahsız insanların qətlə yetirilməsi totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar əməllərini dünyaya bir daha nümayiş etdirmişdir.
Bildirilmişdir ki, Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi dövlət səviyyəsində böyük ehtiramla yad edilir. Ümummilli liderimiz Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini daim əziz tutmuş, onların adlarının əbədiləşdirilməsi məqsədilə 20 Yanvar təcavüzü zamanı yüksək vətəndaşlıq nümunəsi göstərərək həlak olmuş Azərbaycan Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verilməsi barədə xüsusi Fərman imzalamışdır.
Diqqətə çatdırılmışdır ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev də 20 Yanvar şəhidlərinin xatirəsinin uca tutulmasına, şəhid ailələrinin sosial problemlərinin həllinə xüsusi diqqət göstərir.
Bildirilmişdir ki, Azərbaycan Həmkarlar İttifaqları da xalqımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsini həmişə əziz tutur, onların güzəranlarının daha da yaxşılaşdırılması, sosial problemlərinin həll edilməsi istiqamətində görülən işlər mütəmadi olaraq davam etdirilir.
Tədbirdə digər çıxış edənlər 20 Yanvar faciəsi haqqında fikirlərini bölüşmüşlər.