Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
Bakı, 23 fevral, AZƏRTAC
Fevralın 23-də Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı anım tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə AHİK sədrinin müavini Cavanşir Alxasov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda həyata keçirilən qətliamın bəşəriyyətə və insanlığa qarşı törədilmiş ən dəhşətli cinayət olduğunu bildirib. C.Alxasov beynəlxalq ictimaiyyətin Xocalı soyqırımına siyasi-hüquqi qiymət verməsinin vacibliyini vurğulayıb. Bildirilib ki, bu soyqırımı nəticəsində Xocalının dinc sakinləri misli görünməmiş qəddarlıqla qətlə yetirilib, əsir götürülənlərə amansız işgəncələr verilib.
Qeyd olunub ki, Xocalı faciəsi insanlıq tarixinə düşmüş qanlı hadisə kimi qiymətləndirilməlidir. Dünyanın sivil dövlətləri, nüfuzlu beynəlxalq təşkilatlar Xocalı haqqında acı həqiqətləri bilməli, insanlığa qarşı törədilmiş bu cinayət siyasi-hüquqi qiymətini almalıdır.
C.Alxasov deyib ki, Azərbaycan Həmkarlar İttifaqları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Prezident İlham Əliyevin fəaliyyətini tam dəstəkləyir və bu problemin sülh yolu ilə həll olunmasına tərəfdardır. Lakin qarşı tərəfin danışıqlarda saxta mövqeyi bizi qane edə bilməz. Azərbaycan öz ərazi bütövlüyünün təmin olunması üçün bütün imkanlarından istifadə etmək, o cümlədən torpaqlarını hərbi yolla geri qaytarmaq hüququnu özündə saxlayır. Dövlətimiz lazım gəldikdə bu hüququndan istifadə edəcək. Buna beynəlxalq hüquq normaları, BMT, ATƏT və digər təşkilatların qətnamələri, müstəqil Azərbaycanın iqtisadi gücü və siyasi iradəsi imkan verir.
Anım mərasimində tarix elmlər doktoru Vəkil Həsənov Xocalı soyqırımı ilə bağlı geniş çıxış edib. O, erməni silahlı birləşmələrinin keçmiş sovet ordusunun 366-cı motoatıcı alayı ilə birgə Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərin ağır nəticələrini konkret faktlarla tədbir iştirakçılarına çatdırıb, bu qətliamın bəşəriyyətə qarşı törədilmiş ən dəhşətli soyqırımı, qanlı cinayət olduğunu bildirib.