Azərbaycan həqiqətlərinin müxtəlif ölkələrdə təbliği məqsədilə yeni layihəyə start verilib
Bakı, 24 may, AZƏRTAC
“İslahatçı Gənclər” İctimai Birliyi Azərbaycan həqiqətlərinin, tarix və mədəniyyətinin müxtəlif ölkələrdə təbliği, azərbaycanlı tələbələr üçün yeni imkanların yaradılması məqsədilə yeni layihəyə start verib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, təşkilat bu məqsədlə dünyanın müxtəlif universitetləri, ictimai təşkilatları, gənclər birlikləri ilə əməkdaşlıq əlaqələrinin qurulması prosesinə başlayıb. Bu istiqamətdə növbəti mühüm addım Ukrayna ilə atılıb. Belə ki, “İslahatçı Gənclər” İctimai Birliyi ilə Ukraynanın nüfuzlu Qərbi Ukrayna Milli Universiteti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Onlayn formatda keçirilən görüşdə “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı, Qərbi Ukrayna Milli Universitetinin rektoru Andriy Krisovatiy, beynəlxalq əlaqələr şöbəsinin müdiri İrina İvaşçuk iştirak ediblər.
Bildirilib ki, Azərbaycanla Ukraynanı tarixi dostluq və strateji tərəfdaşlıq əlaqələri birləşdirir. Bu dövlətlər bütün platformalarda bir-birini yaxından dəstəkləyir. Ölkələrimiz arasında əməkdaşlığın böyük potensialı var. Əməkdaşlıq haqqında memorandum bir sıra sahələrdə, xüsusən də təhsil, gənclik və mədəniyyət sahələrində Azərbaycan-Ukrayna münasibətlərinə böyük töhfə verəcək.
“İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı qeyd edib ki, Ukrayna azərbaycanlı tələbələrin təhsil almaq üçün seçdiyi əsas ölkələrdən biridir. Arzu edirik ki, gənclərimiz Ukraynanın nüfuzlu və keyfiyyətli təhsil verən universitetlərində oxusunlar. Sizin universitetiniz buna nümunədir. İnanırıq ki, universitetlə təşkilatımız arasındakı əməkdaşlıq çərçivəsində Azərbaycanla Ukraynanın tarix və mədəniyyətinin qarşılıqlı təbliği həyata keçiriləcək.
Qərbi Ukrayna Milli Universitetinin rektoru Andriy Krisovatiy bildirib ki, iki ölkə arasında münasibətlər bütün istiqamətlər üzrə yüksələn xətlə inkişaf edir. Bu əməkdaşlıq sazişi təhsil, gənclər və mədəniyyət sahəsində Ukrayna-Azərbaycan əlaqələrinin inkişafına mühüm töhfə olacaq.