Azərbaycan İlahiyyat İnstitutunda qadının müasir cəmiyyətdə rolu müzakirə olunub
Bakı, 4 mart, AZƏRTAC
Martın 4-də Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, tədbirdə qadının müasir cəmiyyətdə yeri və rolu, bu istiqamətdə aparılan işlər, mövcud problemlər, perspektivlər müzakirə edilib.
Rektor Ceyhun Məmmədov çıxışında qeyd edib ki, institut tədrisin yüksək səviyyədə təşkili ilə yanaşı, müasir dövrümüzün tələblərinə cavab verən, zəngin dünyagörüşünə, dərin dini və dünyəvi biliklərə, güclü şəxsiyyətə malik mütəxəssislərin yetişdirilməsi məqsədilə sosioloq, psixoloq, yerli və beynəlxalq arenada nüfuz qazanmış peşəkarlarla davamlı görüşlər keçirir, seminar, təlim və bilik yarışmaları təşkil edir.
Aİİ-nin tədris şöbəsinin müdiri Zərifə Əliyeva diqqətə çatdırıb ki, bəşər sivilizasiyasının inkişafında və bugünkü tərəqqiyə çatmasında kişilərlə yanaşı, qadınların da əvəzsiz rolu və xidmətləri vardır. Mövzunun aktuallığına toxunan Z.Əliyeva vurğulayıb ki, qadınların cəmiyyətdə rolu, ictimai və dövlət həyatında iştirakını nəzərə alaraq, institutda “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda dəyirmi masa təşkil olunub.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi informasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova “Dövlət qadın siyasəti: imkanlar və perspektivlər” mövzusunda çıxış edib. O, respublikada gender bərabərliyinin təmin edilməsi və qadınların imkanlarının genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verib.
Penitensiar Xidmətin 4 saylı Cəzaçəkmə Müəssisəsinin tərbiyə işləri üzrə rəis müavini, ədliyyə polkovnik-leytenantı Sevda Zamanova “Qadın və cəza” mövzusunda məruzəsində bildirib ki, ümumi insan azadlıqları kontekstində qadın hüquqlarının xüsusi yeri vardır.
Tədbirdə Azərbaycan Dillər Universitetinin (ADU) regionşünaslıq kafedrasının dosenti, Gender Araşdırmaları Mərkəzinin direktoru Kifayət Ağayeva “Qərbdə müsəlman qadınların üzləşdikləri problemlər: mövcud vəziyyət və perspektivlər” mövzusundan məruzə edib. O diqqətə çatdırıb ki, qadınlara qarşı zorakılıq problemi müxtəlif vəziyyətlərdə dünyanın bütün ölkələrində mövcuddur.
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova “Müasir dövrdə qadınlara qarşı zorakılıq və dəstək proqramları” mövzusunda məruzə ilə çıxış edib. Ailədə şiddət görən qadınların və uşaqların üzləşdikləri çətinliklərə toxunub.
Tədbirdə Azərbaycan İlahiyyat İnstitutu islamşünaslıq kafedrasının müdiri, fəlsəfə üzrə fəlsəfə doktoru Əhməd Niyazovun “İslamda qadın hüquqları” mövzusunda məruzəsi dinlənilib. O, İslamın qadını müstəsna bir məqama yüksəltdiyini bildirib.
“Xəzər” Psixologiya Mərkəzinin direktoru, psixoloq Mələk Kərimova “Qadın psixologiyası: qadınların problem həlletmə və düşüncə tərzi” mövzusunda məruzəsində qadınlar və gənc qızların məişət, cinsi və məcburi evlilik kimi zorakılıqların müxtəlif formaları ilə üzləşdiklərini qeyd edib.
“SOS Uşaq Kəndləri Azərbaycan Assosiasiyası”nın təmsilçisi, sosioloq Cavid İmamoğlu “Qadınlara qarşı ayrı-seçkilik və zorakılıqla mübarizədə dinin rolu” mövzusunda məruzəsində dünyada insan hüquqlarının ən ciddi pozuntularından olan qadınlara qarşı zorakılıq, o cümlədən məişət zorakılığından danışıb.
Tədbirdə ekspertler - Milli Məclisin sosial qanunvericilik şöbəsinin gender məsələləri sektorunun müdiri Fidan Nəbiyeva, ADU-nun regionşünaslıq kafedrasının baş müəllimləri Günay Feyziyeva, Sevinc Qurbanova və Xəyalə Ağayeva “Qadının müasir cəmiyyətdə yeri və rolu” mövzusunda təəssüratlarını bölüşüb və təkliflərini diqqətə çatdırıblar.