AZƏRBAYCAN İLƏ ÇİN ARASINDA TEXNİKİ-İQTİSADİ ƏMƏKDAŞLIQ HAQQINDA SAZİŞ İMZALANMIŞDIR
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Fərhad Əliyev və Çin Xalq Respublikasının xarici işlər naziri Li Çjaosin imzalamışlar. Sazişə əsasən, ÇXR ölkəmizdə sahibkarlığın inkişafı üçün 10 milyon yuan (1 milyon 200 min ABŞ dolları) həcmində qrant ayıracaqdır.
İqtisadi İnkişaf Nazirliyində keçirilən imzalanma mərasimində çıxış edən nazirlər ölkələrimiz arasında iqtisadi əməkdaşlığın inkişafı və perspektivlərindən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan müstəqillik qazanandan bəri iki ölkə arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə ÇXR-ə rəsmi səfəri zamanı aparılmış danışıqlar, imzalanmış sənədlər bu münasibətlərə yeni təkan vermişdir. Xatırladılmışdır ki, son iki il ərzində hər iki ölkənin regionlarının nümayəndə heyətlərinin qarşılıqlı səfərləri həyata keçirilmiş, ÇXR-in Çunsin və Azərbaycanın Sumqayıt şəhərləri arasında əlaqələrin genişləndirilməsi haqqında saziş imzalanmışdır.
İqtisadi əlaqələrin gələcək inkişafı üçün böyük potensialın olduğunu xüsusi vurğulayan nazirlər bundan daha səmərəli istifadə edilməsi üçün maşınqayırma, qara və əlvan metallurgiya, kimya, toxuculuq, kənd təşərrüfatı məhsullarının istehsalı və emalı, ticarət mərkəzlərinin açılması və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin məqsədəuyğunluğunu bildirmişlər.
Cənab Li Çjaosin respublikamızla əlaqələrin inkişafını yüksək qiymətləndirərək demişdir ki, Azərbaycan Cənubi Qafqazda Çinin birinci tərəfdaşıdır.
Xatırladaq ki, imzalanmış yeni sazişə əsasən alınacaq qrant vəsaiti, ilkin razılığa görə, biznes mərkəzinin tikintisinə sərf ediləcəkdir.
İmzalanma mərasimində Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev, Çinin ölkəmizdəki səfiri Çjan Siyun iştirak etmişlər.