Azərbaycan ilə Gürcüstan arasında münasibətlər strateji tərəfdaşlıq səviyyəsindədir
Tbilisi, 6 mart, AZƏRTAC
Azərbaycan-Gürcüstan biznes forumu iki ölkə arasında ticarət-iqtisadi münasibətlərin, eləcə də işgüzar dairələr arasında əlaqələrin inkişafına müsbət təsirini göstərəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov Tbilisidə keçirilən Azərbaycan-Gürcüstan biznes forumundakı çıxışı zamanı söyləyib.
Onu sözlərinə görə, bu gün Azərbaycan Gürcüstanın ən böyük ticarət tərəfdaşı olmaqla, bu ölkəyə ən çox xarici sərmayə yatıranlar sırasındadır. Azərbaycan şirkətləri Gürcüstanın ən böyük vergi ödəyiciləridir.
Azərbaycandan Gürcüstana səfər edən turistlərin sayı 2019-cu ildə 1,5 milyon nəfərə çatıb və bu göstəriciyə görə, xarici ölkələr sırasında da ilk yeri tutub.
Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu və qarşılıqlı maraqlar üzərində qurulduğunu bildirən diplomat deyib: “Ümummilli lider Heydər Əliyev Azərbaycanın Gürcüstan ilə əlaqələrinə daim xüsusi diqqət yetirib və onun çətin dövrlərində dost ölkə kimi qardaşlıq yardımını əsirgəməyib. Hələ 1994-cü ildə “Əsrin müqaviləsi” imzalanarkən bütün çətinliklərə, təzyiqlərə baxmayaraq, ulu öndər Heydər Əliyevin siyasi iradəsi və təkidi ilə enerji layihələri - Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz kəmərlərinin məhz dost Gürcüstandan keçəcəyi barədə qərar verilib”.
Sonrakı dövrlərdə Ümummilli Liderimizin siyasi kursunun Prezident İlham Əliyev tərəfindən davam etdirildiyini deyən səfir bildirib: “Hazırda bu siyasət uğurla davam etdirilir. Dövlətimizin başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən Cənub Qaz Dəhlizi və Bakı-Tbilisi-Qars layihələri nəinki Azərbaycanın, bütövlükdə regionun inkişafında mühüm rol oynayır”.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi