AZƏRBAYCAN İLƏ KÜVEYTİN QARŞILIQLI İQTİSADİ ƏLAQƏLƏRİNİN GENİŞLƏNDİRİLMƏSİ YOLLARI MÜZAKİRƏ OLUNMUŞDUR
Maliyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə maliyyə naziri Əvəz Ələkbərovun küveytli həmkarı ilə görüşündə ikitərəfli qarşılıqlı iqtisadi münasibətlərin müxtəlif istiqamətləri müzakirə edilmişdir.
Tərəflər mövcud qarşılıqlı iqtisadi münasibətlərin daha da inkişaf etdirilməsinin zəruri olduğunu qeyd etmiş, əlaqələri genişləndirmək barədə razılığa gəlmiş və yaxın gələcəkdə konkret layihələrin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırmışlar. Küveyt Fondunun maliyyə imkanlarından maksimum yararlanmağın, həmin imkanların ölkəmizdə infrastrukturun bərpa və inkişafına yönəldilməsinin zəruriliyi qeyd edilmişdir.
“Sərmayələrin qarşılıqlı qorunması”, “İkiqat vergiqoymanın aradan qaldırılması” barədə sazişlərin hazırlanması və imzalanması, hökumətlərarası ikitərəfli iqtisadi komissiyanın yaradılması məsələsi maliyyə nazirlərinin apardığı müzakirələrdə əsas mövzulardan biri olmuşdur.
Müzakirələrdə Azərbaycanın Küveytdəki səfiri Şahin Abdullayev, Küveytin Sərmayə Şurasının baş direktoru Bədr Əl-Səəd, Küveyt Dövlətinin Azərbaycan və Türkiyədəki səfiri Abdulla əl-Duvaih, Ərəb İqtisadi İnkişafı üzrə Küveyt Fondunun regional direktoru İmad Əl-Məcid, Küveyt Fondunun Avropa və Orta Asiya ölkələri üzrə regional direktoru Valid Əl-Bəhr, Küveyt Maliyyə Nazirliyi Beynəlxalq İqtisadi Əməkdaşlıq İdarəsinin müdiri İshaq Əbdülkərim və başqa rəsmi şəxslər iştirak etmişlər. Maliyyə naziri Əvəz Ələkbərov Küveyt dövlətinə rəsmi səfərə dəvət edilmişdir. Dəvət məmnuniyyətlə qəbul olunmuşdur.