Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlər genişlənir
Bakı, 30 mart, AZƏRTAC
Martın 30-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov ölkəmizdə səfərdə olan Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı, general-mayor Əhməd İbrahim Məhəmməd İbrahiminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazir qonaqlara regiondakı hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verib, müxtəlif sahələrdə inkişaf edən ikitərəfli münasibətləri yüksək qiymətləndirib. İki ölkənin hərbi sahədə əlaqələrinə toxunan general-polkovnik Zakir Həsənov ölkələrimizin müvafiq qurumları arasında həyata keçirilən uğurlu əməkdaşlığın perspektivlərini xüsusi qeyd edib.
General-mayor Əhməd İbrahim Məhəmməd İbrahimi Misirin dostluq münasibətlərində olduğu Azərbaycan ilə əməkdaşlığı daha da inkişaf etdirmək istəyini, bunun üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan ilə Misir arasında hərbi, hərbi-texniki istiqamətlərdə münasibətlərin genişləndirilməsinin vacibliyi, eləcə də terrorizmə qarşı birgə mübarizə, döyüş təcrübəsi sahəsində əldə edilən biliklərin mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.