Azərbaycan ilə Niderland arasında qarşılıqlı faydalı əməkdaşlıq hər iki ölkənin mənafeyinə uyğundur
Noyabrın 6-da Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Niderland Krallığının infrastruktur və ətraf mühit naziri xanım Melanie Şults van Haegen-Maas Geesteranusun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Niderland Krallığı arasında qarşılıqlı faydalı əməkdaşlığın hər iki ölkənin mənafeyinə uyğun olduğu diqqətə çatdırılıb. Qeyd edilib ki, Niderlandın bir sıra şirkətlərinin ölkəmizdə həyata keçirilən iri layihələrdə iştirakı, xüsusən Bakı buxtasında və Kür çayı ərazisində dərinləşdirmə, elmi-tədqiqat işlərinin aparılması, milli su ehtiyatlarının öyrənilməsi, dibdərinləşdirici gəmilərin təchizatı və digər istiqamətlərdə fəaliyyəti qənaətbəxşdir. Bu baxımdan Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi ilə Niderland Krallığının İnfrastruktur və Ətraf Mühit Nazirliyi arasında fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması, su resurslarının idarə olunması və daşqınların qarşısının alınması istiqamətində aparılan danışıqlar, habelə su ehtiyatlarının idarə olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması ikitərəfli əlaqələrin inkişafı üçün çox mühüm amildir.
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunularaq, bir sıra beynəlxalq təşkilatların problemin həllinə ikili standartlarla yanaşmasının yolverilməzliyi vurğulanıb, münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında həllinin mümkünlüyü qeyd edilib.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.