Azərbaycan ilə Pakistan arasında əlaqələrin daha da genişləndirilməsi məsələləri müzakirə edilmişdir
Bakı, 18 aprel (AZƏRTAC). Aprelin 18-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə səfərdə olan Pakistan İslam Respublikasının Hərbi Hava Qüvvələrinin komandanı, aviasiya marşalı Tahir Rafiq Battın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
Nazirlər Kabinetinin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, görüşdə Azərbaycan ilə Pakistan arasında tarixi dostluq münasibətlərinin mövcudluğu vurğulanaraq əlaqələrimizin daha da dərinləşdirilməsinin zəruriliyi qeyd edilmişdir. Qeyd edilmişdir ki, ölkələrimiz arasında siyasi-iqtisadi və mədəni sahələrdə olduğu kimi, müdafiə sənayesi, hərbi-texniki istiqamətlərdə və şəxsi heyətin təlim-təhsili sahələrində də əməkdaşlıq səmərəli nəticələr verə bilər. Tərəflər bu səfərin hərbi sahədə əməkdaşlığımızı yeni səviyyəyə qaldıracağına əminliklərini ifadə etmişlər.
Regional məsələlər ətrafında söhbət gedərkən Ermənistan-Azərbaycan münaqişəsinə toxunan tərəflər qeyd etmişlər ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Pakistan hər zaman Azərbaycanın yanında olmuşdur və bütün beynəlxalq tədbirlərdə Ermənistanın təcavüzkar siyasətini qətiyyətlə pisləyərək, işğal altında qalan torpaqların tezliklə azad edilməsinin və münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulamışlar.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparılmışdır.