Azərbaycan ilə Qırğızıstan arasında əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub
Bişkek, 11 iyun, AZƏRTAC
Azərbaycanın Qırğızıstandakı səfiri Hidayət Orucov bu ölkənin Baş nazirinin birinci müavini Tayırbek Sarpaşevlə görüşüb.
Görüşdə T.Sarpaşevin Bakı şəhərində keçiriləcək birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etməsi məsələsi müzakirə olunub.
Səfir Avropa Oyunları haqqında ətraflı məlumat verib. Bildirilib ki, tarixdə ilk dəfə məhz Bakıda keçiriləcək Avropa Oyunlarında 49 Avropa ölkəsindən altı mindən çox idmançının iştirakı gözlənilir. Açılış mərasimində 20-dən çox ölkənin dövlət və hökumət rəhbərlərinin iştirakı nəzərdə tutulur.
H.Orucov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə cəmi iki il yarım ərzində bütün hazırlıq işləri yüksək səviyyədə görülüb, idman kompleksləri tikilib.
T.Sarpaşev bildirib ki, tədbirdə iştirak etməsi üçün sabah Bakıya yola düşür. O vurğulayıb ki, Avropa Oyunlarının Bakıda keçirilməsi nəinki Azərbaycan, bütün türk dünyası üçün çox mühüm bir hadisədir və qardaş Azərbaycan xalqının son illərdə qazandığı nailiyyətlərin göstəricisidir.
Baş nazirin birinci müavini Avropa Oyunlarının açılışında Qırğızıstanı təmsil etməyin şərəfli olduğunu vurğulayıb, özünü Azərbaycan xalqının ən yaxın dostu adlandırıb.
Səfir deyib ki, ölkələrimiz arasında son vaxtlar bütün sahələrdə əməkdaşlıq uğurla inkişaf edir. Son iki ildə həm Bişkekdə, həm Bakıda çoxlu mühüm tədbirlər keçirilib, Azərbaycan həqiqətlərinin Qırğızıstanda və bu ölkənin Azərbaycanda daha yaxından tanıdılması üçün böyük iş aparılıb.
T.Sarpaşev bu ilin may ayında Qırğızıstan hökumətinin və yerli icra hakimiyyətinin təmsilçilərindən ibarət nümayəndə heyətinin Azərbaycana səfərinin həyata keçirilməsi üçün verilən dəstəyə görə səfirə təşəkkürünü bildirib.
Qeyd edilib ki, “Azərsun Holdinq” MMC-nin yardımı ilə təşkil olunan səfər zamanı Qırğızıstan nümayəndə heyəti Azərbaycanın kənd təsərrüfatı sahəsindəki nailiyyətləri haqqında ətraflı məlumat alıb. Bu da gələcəkdə ölkələrimiz arasında aqrar sektorda əlaqələrin daha da genişlənməsinə zəmin yaradır.
Səfir Azərbaycan ilə Qırğızıstan arasında bütün sahələrdə əlaqələrin bundan sonra da dərinləşdiriləcəyinə və səfirliklə Qırğızıstan hökuməti arasında sıx əməkdaşlığın davam etdiriləcəyinə əmin olduğunu bildirib.
Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər də müzakirə olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek