Azərbaycan ilə Rusiyanın Həştərxan vilayəti arasında əlaqələrin daha da genişləndirilməsi məsələsi müzakirə olunub
Bakı, 18 iyun, AZƏRTAC
Bakıda keçirilən Formula-1 Avropa Qran-pri yarışı ilə əlaqədar Rusiya Federasiyası Həştərxan Vilayəti Dumasının sədri Aleksandr Klıkanovun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdədir. Nümayəndə heyətinə Həştərxan Vilayətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev, vilayətin iş adamları və Formula-1 həvəskarı olan sakinləri daxildir.
Səfər çərçivəsində Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin Həştərxan vilayətinin nümayəndə heyəti ilə görüşü keçirilib.
Görüşdə Azərbaycan ilə Rusiya arasında tarixi köklərə söykənən dostluq münasibətlərindən danışılıb. Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da möhkəmləndirilməsi məsələsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə fikir mübadiləsi aparılıb. Xüsusilə qeyd olunub ki, Azərbaycan ilə Rusiya arasında əlaqələr xalqımızın ümummilli lideri Heydər Əliyevin dövründə inkişafının yeni mərhələsinə qədəm qoyub və bu gün Prezident İlham Əliyev tərəfindən daha yüksək səviyyəyə çatdırılıb.
Görüşdə Azərbaycan-Rusiya münasibətlərinin inkişaf etdiyi vurğulanaraq xalqlarımız arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi istiqamətində son illər böyük işlərin görüldüyü qeyd edilib. A.Klıkanov Heydər Əliyev Fondu tərəfindən Həştərxan vilayətində görülən işləri xüsusi qeyd edib.
Bildirilib ki, Heydər Əliyev Fondu tərəfindən Həştərxan şəhərində bir sıra sosial layihələr həyata keçirilib. Həştərxanda ulu öndər Heydər Əliyevə abidə ucaldılıb. Onun adını daşıyan park və 11 nömrəli ümumtəhsil məktəbinin binası yenidən qurulub, həmin məktəbin nəzdində müasir uşaq bağçası tikilərək istifadəyə verilib. Həmçinin “Azərbaycan-Rusiya Dostluq Körpüsü” açılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb və “Meçta” uşaq əyləncə şəhərciyi salınıb.
Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.