Azərbaycan ilə Türkiyənin yaradıcı və elmi dairələri arasında əlaqələrin inkişafı müzakirə edilib
Bakı, 14 dekabr, AZƏRTAC
Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi, filologiya elmləri doktoru Aynel Məşədiyeva və Turan Dövlətləri Birləşmiş Konfederasiyasının xarici təşkilatlanma üzrə sədri Məsut Gülaçtı Azərbaycan Respublikasının xalq rəssamı, professor, UNESCO Rəssamlar İttifaqının üzvü, Avropa Təbiət Elmləri Akademiyasının fəxri professoru, Vatikan Heraldika Akademiyasının qrafı, Ümumdünya Rəssamlıq Akademiyasının həqiqi üzvü, Rusiya İmperial Rəssamlıq Akademiyasının fəxri üzvü, Roma Müasir İncəsənət Akademiyasının fəxri üzvü, Dünya İncəsənət Akademiyasının həqiqi üzvü, "Türk Dünyası" Akademiyasının həqiqi üzvü, Özbəkistan Rəssamlıq Akademiyasının akademiki, Türkdilli Dövlətlərin Rəssamlıq Akademiyasının ilk prezidenti və idarə heyətinin sədri Sakit Məmmədov və Azərbaycanın Xalq artisti, görkəmli bəstəkar, professor Siyavuş Kərimi ilə görüş keçiriblər.
Konfederasiyadan AZƏRTAC-a bildirilib ki, görüş zamanı ölkəmizin mədəniyyət və incəsənət sahəsində əldə etdiyi nailiyyətlər, eləcə də Türk dünyası çərçivəsində yaradıcı əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan fəaliyyətlər müzakirə olunub. Belə görüşlərin həm sənətkarlar, həm də elm və mədəniyyət qurumları arasında əlaqələri gücləndirdiyi vurğulanıb.
Turan Dövlətləri Birləşmiş Konfederasiyası ilə Azərbaycanın sənət və elm ictimaiyyəti arasında əlaqələrin daha da möhkəmləndirilməsi, ümumtürk mədəni irsinin beynəlxalq səviyyədə təbliği istiqamətində əməkdaşlığın önəmi xüsusi qeyd olunub.
Görüş çərçivəsində adıçəkilən konfederasiyanın xarici təşkilatlanma üzrə sədri Mesut Gülaçtı Azərbaycanın Xalq rəssamı Sakit Məmmədova və Azərbaycanın Xalq artisti Siyavuş Kərimiyə təşəkkür plaketlərini təqdim edib.