Azərbaycan-İtaliya parlamentlərarası əlaqələri müzakirə olunmuşdur
Bakı, 7 may (AZƏRTAC, Əsəd Məmmədov). Azərbaycan Respublikası Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov mayın 7-də İtaliya Senatının müdafiə komissiyasının sədri, Demokrat Partiyasının üzvü Nikola Latorrenin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan-İtaliya münasibətlərindən danışan Səməd Seyidov ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini demişdir. S.Seyidov münasibətlərimizin inkişafı üçün bir çox önəmli işlərin görüldüyünü söyləmiş, əməkdaşlığın bundan sonra da dərinləşməsi üçün bütün lazımi tədbirlərin görüləcəyinə əminliyini bildirmişdir. Komitə sədri vurğulamışdır ki, bu gün Azərbaycan və İtaliya arasında çoxşaxəli münasibətlər mövcuddur. Siyasi, iqtisadi, mədəni, humanitar sahələrdə əməkdaşlıq inkişaf etməkdədir. Əlaqələrin möhkəmlənməsində yüksək səviyyəli səfərlərin xüsusi rolu olmuşdur.
Nümayəndə heyətinə Azərbaycan haqqında məlumat verən S.Seyidov bildirmişdir ki, bu gün ölkəmiz sürətlə inkişaf edərək regionun lider dövlətinə çevrilmişdir.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söz açan komitə sədri BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi 4 qətnamənin işğalçı Ermənistan tərəfindən yerinə yetirilmədiyini vurğulamışdır.
Nikola Latorre ölkələrimiz arasında münasibətlərin sürətlə inkişaf etdiyini demişdir. O, belə qarşılıqlı səfərlərin münasibətlərin inkişaf etdirilməsi baxımından önəmli olduğu bildirilmişdir.
Qonaq Azərbaycan-İtaliya dostluq əlaqələrinin sürətlə inkişaf etdiyini vurğulamışdır. O, Azərbaycanın regionda sabit ölkə olduğunu diqqətə çatdırmışdır.
Görüşdə iki ölkənin parlamentləri arasında əlaqələrin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılmışdır.