Azərbaycan Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin illik toplantısında təmsil olunub
Bakı, 16 oktyabr, AZƏRTAC
İtaliyanın Roma şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) təşkilatçılığı ilə illik toplantı keçirilib.
AZƏRTAC Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) istinadla xəbər verir ki, INSME-nin 20 illik yubileyinə həsr olunmuş builki tədbir “KOB-lar üçün davamlı maliyyənin açılması” mövzusuna həsr olunub.
Toplantıda INSME-yə üzv təşkilatların, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) nümayəndələri iştirak ediblər.
Tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədovun videomüraciəti yayımlanıb. O, KOB-ların yaşıl transformasiyasının qlobal və milli səviyyədə birgə əməkdaşlıqla mümkün olduğunu bildirib, maraqlı tərəfləri KOBİA-nın irəli sürdüyü “KOB-ların yaşıl iqlim keçidi üçün Bakı Koalisiyası Bəyannaməsi”nə qoşulmağa dəvət edib.
Toplantı çərçivəsində müxtəlif panel müzakirələr də təşkil olunub. KOBİA-nın İdarə Heyəti sədrinin müavini Rüfət Atakişiyev “Dəstəkləyici siyasətlər və ESG qaydaları” mövzusuna həsr olunmuş paneldə ESG (Ekoloji, sosial və korporativ idarəetmə) prinsiplərinin tətbiqinin KOB-lar üçün önəmi, agentliyinin bu sahədə fəaliyyəti barədə məlumat verib, iştirakçıların suallarını cavablandırıb.