Azərbaycan kuboku yarışlarında ilk yarımfinalçılar məlum olub
Bakı, 9 mart, AZƏRTAC
Bu gün Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin cavab görüşlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan kuboku yarışlarında ilk yarımfinalçı komandalar məlum olub. Belə ki, Bakının “İnter” klubu eyniadlı arenada “Rəvan”ı qəbul edib. İlk oyunda “Rəvan”a 2:1 hesabı ilə uduzan “İnter” öz meydanında sensasiyaya imkan verməyib. Rəqib qapısından üç cavabsız top keçirən Zaur Svanadzenin komandası 31-ci dəqiqədə Nika Kvekveskirinin, 65-ci dəqiqədə Sezar Meza Kolli və 85-ci dəqiqədə isə Vüqar Nadirovun vurduğu qollarla qələbəni rəsmiləşdiriblər- 3:0.
Növbəti iki oyunda “Sumqayıt” klubu “Qarabağ”, “Qəbələ” isə “Zirə” ilə qarşılaşıb. Qurban Qurbanovun yetirmələri Sumqayıta doğma meydanda qazandıqları 2:0 hesablı qələbənin rahatlığı ilə yollansalar da, rəqibə aman verməyiblər. Ağdam təmsilçisinin heyətində Muarem Muarem və Samuel Armenteros dubla imza atıblar. “Sumqayıt”ın gücü isə yalnız Xəyal Nəcəfovun vurduğu təsəlli qoluna çatıb - 1:4.
Paralel oynanılan “Qəbələ”-“Zirə” matçı da məhsuldar keçib. Səfərdə qazandığı qalibiyyətin üstünlüyü ilə meydana çıxan ev sahibi paytaxt təmsilçisini 5:1 hesabı ilə məğlub edib. Belə ki, Aleksey Qay 5 və 12-ci dəqiqələrdə etdiyi dublu ilə komandasını hesabda irəli çıxarıb. Beş dəqiqə sonra Rəşad Sadiqov fərqlənib. Qonaqlar 36-cı dəqiqədə Nurlan Novruzovun qolu ilə fərqi ikiyə endiriblər. “Qəbələ” 65-ci dəqiqədə Rəşad Eyyubov və 79-cu dəqiqədə isə Ermin Zetsin qolları ilə oyunda son nöqtəni qoyub.