Azərbaycan millisinin kapitanı: Portuqaliya ilə oyunlar bizə təcrübə qazandıracaq
Bakı, 20 iyul, AZƏRTAC
"B Liqasında rəqiblərimiz güclü idi. Buna baxmayaraq, qrupda 4 xal toplayaraq pley-off mərhələsinə vəsiqə qazandıq. İndi isə Portuqaliya ilə oyunda özümüzü sübut etmək istəyirik”.
Bu sözləri AZƏRTAC-a açıqlamasında qadın futbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Sevinc Cəfərzadə Avropa çempionatının seçmə mərhələsində Portuqaliyaya qarşı keçirəcəkləri pley-off oyunları barədə danışarkən deyib.
O, rəqibin güclü və təcrübəli komanda olduğunu bildirib: "Bizi çox ağır matç gözləyir. Püşkdə ən çətin rəqibə bizə düşdü. Lakin bu, məni sevindirir. Çünki bu cür komandalarla oyunlar təcrübə qazanmaq baxımından müsbətdir. Bu yerlərdə olmaq bizim üçün böyük uğurdur. Ardıcıl iki dəfə tarixi nəticələrə imza atdıq. Bunun davamını gətirmək istəyirik. Heç bir rəqibdən çəkinmirik”.
Qeyd edək ki, Azərbaycan millisi Portuqaliyaya qarşı ilk oyununu oktyabrın 23-də Bakıda, cavab görüşünü isə oktyabrın 29-da səfərdə keçirəcək.
Bu cütün qalibi ikinci pley-off mərhələsində Belarus-Çexiya duelinin qalibi ilə üz-üzə gələcək. Bu raundun oyunları noyabrın 27-də və dekabrın 3-də olacaq.