AZƏRBAYCAN MUSİQİSİ PEKİN OLİMPİYA OYUNLARI DÖVRÜNDƏ KEÇİRİLƏCƏK MƏDƏNİYYƏT TƏDBİRLƏRİNDƏ SƏSLƏNƏ BİLƏR
Azərbaycan Milli Olimpiya Komitəsindən (MOK) AZƏRTAC-a bildirmişlər ki, qurum Mədəniyyət və Turizm Nazirliyi və Bəstəkarlar İttifaqı ilə birgə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) eyni mövzuda elan etdiyi müsabiqənin milli mərhələsi kimi “Olimpiya və idman” mövzusunda mahnı müsabiqəsi elan etmişdir.
Müsabiqə üçün yazılmış mahnının ifaçılarının sayı 12 nəfərdən artıq ola bilməz və iştirak etmək istəyənlərə yaş məhdudiyyəti qoyulmur.
Müsabiqədə iştirak etmək istəyənlər martın 4-dək MOK-a əsərin partiturasını və CD versiyasını təqdim etməlidirlər. Müsabiqəyə martın 15-dək yekun vurulacaqdır. Qalibləri münsiflər heyəti müəyyənləşdirəcəkdir.
Təşkilat komitəsi tərəfindən birinci, ikinci, üçüncü yerləri tutacaq hər bir müsabiqə qalibinə pul və diplomlar təqdim edəcəkdir.
Müsabiqədə I yeri tutmuş əsər BOK-un təşkil edəcəyi beynəlxalq mahnı müsabiqəsinə təqdim olunacaqdır.
Beynəlxalq müsabiqənin şərtlərinə görə üç qalib və 5 həvəsləndirici yeri tutanlar mükafatlandırılacaqdır. Beynəlxalq Olimpiya Komitəsi I yer üçün - 15 min ABŞ dolları, II yer üçün 10 min ABŞ dolları və III yer üçün 5 min ABŞ dolları mükafat təyin etmişdir. Bundan başqa birinci üç və 5 həvəsləndirici yerləri tutanlar BOK-un diplomlarını alacaq və həmin mahnılar cari ildə keçiriləcək Pekin Olimpiya Oyunları dövründə mədəniyyət tədbirlərində səsləndiriləcəkdir.