AZƏRBAYCAN MÜXALİFƏTİ GÜCSÜZ, CƏSARƏTSİZ VƏ DAĞIDICIDIR
AZƏRTAC xəbər verir ki, müxalifətin “narıncı inqilab” ssenarisinin baş tutmadığını yazan qəzet bunun əsas səbəbi kimi, Gürcüstan və Ukraynadan fərqli olaraq, Azərbaycan Prezidentinin öz xalqının böyük əksəriyyətinin dəstəyini qazanmasını göstərir. Məqalədə vurğulanır ki, ölkədə keçirilmiş əksər sorğular, hətta, amerikalıların keçirdiyi sorğular da iqtidar tərəfdarlarının müxalifətin elektoratından daha çox olduğunu sübut etmişdir.
İkinci səbəb kimi, Azərbaycan müxalifətinin gücsüz, cəsarətsiz və dağınıq olması göstərilir. Qəzet yazır ki, bugünkü müxalifətdə iqtisadiyyat, Dağlıq Qarabağ münaqişəsi və digər problemlərə yanaşmada tamamilə fərqli mövqe tutan qüvvələr, müsəlmançılıqdan tutmuş liberallığa qədər müxtəlif ideologiyalara üstünlük verən qüvvələr təmsil olunur. Bundan başqa, hər bir liderin iddiası kifayət qədər çoxdur.
“Moskovskiye novosti” xüsusi olaraq vurğulayır ki, müxalifətçilər ABŞ səfiri Rino Harnişlə görüşdən sonra yalnız sivilizasiyalı mübarizə metodlarına üstünlük verdiklərini bildiriblər. Qəzet bundan belə nəticə çıxarır ki, ABŞ səfiri müxalifətçilərin nəzərinə çatdırıb ki, onun ölkəsi milyardlarla dollar sərmayə qoyduğu Azərbaycanda sabitliyin qorunub saxlanmasında maraqlıdır.