MƏDƏNİYYƏT
Azərbaycan nümayəndə heyəti Birinci Asiya Gənclər Konqresində fəal iştirak etmişdir VİDEO
Kuala Lumpur, 27 yanvar (AZƏRTAC). Yanvarın 20-dən 26-dək Malayziyanın Saravak ştatının Miri şəhərində UNESCO-nun Dünya Xalq Yaradıcılıq Təşkilatının və Malayziyanın “Curtin” Universitetinin birgə təşkilatçılığı ilə “Asiyanın dadı - mədəniyyətə səyahət, mədəni anlaşma yolu ilə Asiyada sülh” mövzusunda Birinci Asiya Gənclər Konqresi keçirilmişdir.
Konqresdə Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak etmişdir.
Konqresin plenar sessiyasında Azərbaycan Milli Kulinariya Mərkəzinin direktoru Tahir Əmiraslanov milli mətbəximiz mövzusunda məruzə ilə çıxış etmiş, xalq yaradıcılığı üzrə mütəxəssis Minarə Quliyeva isə milli aşpaz geyimlərimiz ilə bağlı diskussiyaya qatılmışdır.
Konqresdə Azərbaycanın Mətbəx Mədəniyyəti Günü də keçirilmişdir.
Mərasimin açılışında çıxış edən Azərbaycanın Malayziyadakı səfiri Qaley Allahverdiyev xalqımızın zəngin mədəniyyəti, dünyaya mədəniyyətlərarası dialoq və tolerantlıq sahəsində verdiyi töhfələr, ölkəmizdə əsrlər boyu müxtəlif milli və dini mənsubiyyətə malik insanların qarşılıqlı hörmət və sülh şəraitində yaşaması haqqında danışmışdır. Prezident İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın ölkəmizin qədim və zəngin mədəniyyətinin qorunması, dünyada sülhə, qarşılıqlı anlaşmaya nail olmaq üçün mədəniyyətlərarası dialoqun intensivləşdirilməsi istiqamətində həyata keçirdikləri məqsədyönlü fəaliyyət barədə iştirakçılara məlumat verilmişdir.
Mərasimdə T.Əmiraslanov Azərbaycanın zəngin mədəniyyətinin tərkib hissəsi olan milli mətbəximiz haqqında geniş məlumatla çıxış etmişdir.
Azərbaycanlı aşpazlar tərəfindən hazırlanmış dadlı təamlarımız iştirakçılara təqdim edilmiş, xalqımızın milli geyimlərindən ibarət kolleksiya gənc modelyerlərimiz tərəfindən nümayiş olunmuşdur.
T.Əmiraslanovun müəllifi olduğu “Azərbaycanın milli mətbəxi” kitabının təqdimatı keçirilmiş və iştirakçı ölkələrin nümayəndə heyətlərinə paylanılmışdır.
Mərasimdə Azərbaycan haqqında film nümayiş olunmuşdur.
Mərasim zalında ümummilli lider Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini, xilaskarlıq missiyasını özündə əks etdirən fotostend və kitablar, eyni zamanda, videomateriallar nümayiş etdirilmişdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin hərtərəfli inkişafını, böyük nailiyyətlərini əks etdirən məlumat vəsaitləri mərasim iştirakçıları tərəfindən böyük maraqla qarşılanmışdır.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Kuala Lumpur