AZƏRBAYCAN NÜMAYƏNDƏ HEYƏTİ YAPONİYADAN QAYITMIŞDIR
Yaponiyanın Kioto şəhərində keçirilmiş III Ümumdünya su forumunda ölkəmizi təmsil etmiş nümayəndə heyəti vətənə qayıtmışdır. Mart ayının 17-dən 25-dək çəkən və 150 ölkədən, 43 beynəlxalq və çoxsaylı qeyri-hökumət təşkilatlarından 10 min nəfərdən artıq nümayəndənin iştirak etdiyi forumda ölkəmizi Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Asya Manafova, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov, Xarici İşlər Nazirliyinin əməkdaşı Altay Əfəndiyev, Su Məsələləri Elmi Tədqiqat İnstitutunun direktoru Elçin Qəmbərov təmsil etmişlər.
Asya Manafova AZƏRTAC-ın müxbirinə demişdir ki, Forumun məqsədi su probleminin həllində tədbir iştirakçılarının və dünya ictimaiyyətinin səylərinə dəstək vermək, su ehtiyatlarının idarə edilməsi üçün bilavasitə məsuliyyət daşiyan hökumətlərin konkret fəaliyyətini müəyyənləşdirmək idi. BMT tərəfindən 2003-cü ilin “İçməli su ili” elan olunduğu nəzərə alınaraq, forumun ümumi və bölmə iclaslarında “Təhlükəsiz içməli su və sanitariya”, “Ərzaq və kənd inkişafı üçün su”, “Suyun çirklənməsinin qarşısının alınması və ekosistemin mühafizəsi”, “Fəlakətlərin azaldılması və risk menecmenti”, “Su ehtiyatlarının idarə olunması və mənfəətin bölüşdürülməsi” və digər məsələlər müzakirə edilmişdir.
Çıxışlar zamanı, problemlə bağlı konkret təkliflər irəli sürülmüş, XXI əsrdə suyun bir çox ölkələr arasında münaqişəyə, hətta müharibəyə səbəb olacağının proqnozlaşdırıldığı bildirilmişdir. Bu sahədə daha mükəmməl qanunvericiliyin yardılmasının vacibliyini vurğulayan natiqlər problemin həllində özəl bölməyə imkan yardılmasının, dövlət nəzarətinin möhkəmləndirilməsinin, transsərhəd su hövzələrində suyun kəmiyyət və keyfiyyət göstəricilərinin tənzimlənməsinin, sahəyə investisiya qoyuluşunun artırılmasının, təcrübə mübadiləsi aparılmasının zəruriliyini ön plana çəkmişlər.
Forum iştirakçılarına məlumat verilmişdir ki, su ehtiyatlarının inkişafı barədə BMT-nin birinci hesabatı artıq hazırdır. Onun tərtibinə 123 ölkə cəlb olunmuş, 43 ölkə tərəfindən məlumatlar təqdim edilmişdir. Hesabatda problemin kəskinliyi qabardılır, dünya əhalisinin ücdə birinin suya tələbatının ödənilmədiyi, ildə 6 milyon uşağın yalnız su çatışmazlığı üzündən vəfat etdiyi və digər faktlar sadalanır.
Bundan əlavə, bildirildi ki, 42 dövlətdə yeni qanunlar hazırlanmış, insanları icməli təmiz su ilə təmin etmək məqsədi ilə tərtib olunmuş 50 layihədən 10-u seçilmişdir.
“Suyun çirklənməsinin qarşısının alınması və ekosistemin mühafizəsi” bölməsinin iclasında respublikamızın ekologıya və təbii sərvətlər naziri H.Bağırov Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində ekosistemin zərər çəkdiyini diqqətə çatdırmış, müvafiq beynəlxalq konvensiyalara bütün dövlətlərin qoşulmasının vacibliyini vurğulamışdır.