Azərbaycan-Özbəkistan müttəfiqliyi Avrasiyada cərəyan edən hadisələrə öz təsirini göstərəcək ŞƏRH
Bakı, 27 avqust, AZƏRTAC
Azərbaycan-Özbəkistan münasibətləri son dövrlərdə çox müsbət dinamika ilə inkişaf edir. Hər iki ölkə rəhbəri arasındakı sıx dostluq münasibətlərinin fonunda əməkdaşlığın dərinləşdirilməsi, imzalanan sənədlər, yol xəritəsi əlaqələrimizi müttəfiqlik səviyyəsinə qaldırır. Bu baxımdan Prezident İlham Əliyevin Özbəkistana son səfəri tarixi əhəmiyyət daşıyır. Azərbaycan və Özbəkistan artıq müttəfiq ölkələrdir. Bu müttəfiqlik həm regionda, həm də Avrasiya məkanında cərəyan edən hadisələrə öz təsirini göstərəcək və bu da öz müsbət nəticələrini verəcək.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.
Son illər ərzində ölkələrimiz arasında ticarət dövriyyəsinin bir neçə dəfə artdığını və yüksələn templə inkişaf etdiyini qeyd edən İ.Vəlizadə bildirib ki, Özbəkistan hər zaman Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib və dəstəkləyir. Dost ölkə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində apardığı bərpa və quruculuq işlərində də öz qardaş köməyini əsirgəmir. “Ötən il Özbəkistanın dəstəyi ilə Füzuli rayonunda Mirzə Uluqbəy adına tam orta məktəb istifadəyə verilib. Prezident İlham Əliyevin qardaş ölkəyə son səfəri çərçivəsində Xankəndidə yüngül sənaye müəssisəsinin inşa edilməsi barədə söhbət aparıldı. Bu da minə qədər yeni iş yeri deməkdir. Bütün bunlar sübut edir ki, Özbəkistan yalnız sözdə deyil, əməldə də Azərbaycanın yanındadır və ölkəmizin haqq işini dəstəkləyir”, - deyə politoloq vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan və Özbəkistanın əlaqələrinin dərinləşdirilməsi Cənubi Qafqaz və Mərkəzi Asiya regionlarını da bir-birinə yaxınlaşdırır. Təbii ki, bu yaxınlıq Avrasiya məkanındakı proseslərə öz müsbət təsirini göstərməlidir.
İlqar Vəlizadə qeyd edib ki, Avrasiyada müxtəlif yerlərdə və regionlarda müharibələr, destruktiv proseslər baş verir. Azərbaycan-Özbəkistan dostluğu, qardaşlığı, əlaqələrin dərinləşdirilməsi digər ölkələrə bir nümunədir. Bəzən dövlətlər arasında müttəfiqlik səviyyəsinə çatmaq üçün 10-20 illik tərəfdaşlıq tələb olunur. Amma Azərbaycan Prezidentinin 2022-ci ildə Özbəkistana dövlət səfəri və sonrakı dinamika strateji müttəfiqliyə gətirib çıxardı.
Səfər çərçivəsində bir çox sənədlərin imzalandığını diqqətə çatdıran İ.Vəlizadə bu sənədlərin əsasında ikitərəfli siyasi, ticari, iqtisadi münasibətlərin daha yüksək səviyyəyə çatdırılmalı olduğunun önəmini qeyd edib. Bildirib ki, iqtisadi əlaqələr üzrə koordinasiyanın təmin edilməsi mühüm şərtdir.
“Ötən il Azərbaycan və Özbəkistan arasında 500 milyon dollarlıq investisiya fondunun yaradılmasına dair ikitərəfli saziş imzalanıb. Prezident Şavkat Mirziyoyevin Bakıya sonuncu səfəri zamanı isə tərəflər arasında fondun kapitalının artırılması ilə bağlı razılıq əldə edilib. Bundan əlavə, bu il iki ölkənin birgə onlayn ticarət platfor¬masının yaradılması nəzərdə tutulub. Bu platforma Azərbaycan və Özbəkistanın bizneslərinə asanlıqla qarşılıqlı əlaqə qurmağa, ticarət əməliyyatlarını asanlaşdırmağa və birgə investisiya layihələri gerçəkləşdirməyə imkan verəcək. Tərəflər fondun büdcəsini ən azı iki dəfə artırmağı planlaşdırırlar. İkitərəfli layihələrin hazırkı həcmi hazırda 2 milyard ABŞ dolları ilə ölçülür. Təbii ki, bu da son deyil. Tərəflər bu rəqəmi artırmaq barədə düşünürlər”, - deyə politoloq diqqətə çatdırıb.
İkitərəfli münasibətlərdə siyasi dialoqun intensivliyinin artması, mədəniyyət, turizm sahəsində münasibətlərin inkişafının xalqlarımızı bir-birinə daha çox yaxınlaşdırdığını bildirən İlqar Vəlizadə vurğulayıb ki, Özbəkistan Azərbaycanın qədirbilən xalq olduğunu qiymətləndirir və bu da təbii olaraq isti münasibətlərə adekvat yol açır.