Azərbaycan Pakistanın maliyyə bazarları ilə əməkdaşlığı gücləndirir
Bakı, 13 noyabr, AZƏRTAC
Azərbaycan kapital bazarları iştirakçılarının nümayəndə heyəti Azərbaycan və Pakistanın maliyyə ekosistemləri arasında ikitərəfli əməkdaşlığı gücləndirmək, investisiya imkanlarını genişləndirmək və strateji tərəfdaşlığı möhkəmləndirmək məqsədilə Pakistanda işgüzar səfərdədir.
Azərbaycan nümayəndə heyətinin tərkibinə Bakı Fond Birjası (BFB), “Azərbaycan Qiymətli Kağızlar Bazarının İştirakçıları Assosiasiyası”, “ABB-Invest İnvestisiya Şirkəti” və Pakistan–Azərbaycan Ticarət Palatasının nümayəndələri daxildir.
BFB-dən AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Azərbaycan və Pakistanın kapital bazarlarının tənzimləyici qurumları və institutları arasında əməkdaşlığın dərinləşdirilməsidir. Görüşlərdə əsas müzakirə mövzularına Pakistanın IPO namizədlərinin müəyyənləşdirilməsi və hazırlanması üzrə strukturlaşdırılmış yanaşması, investisiya fondlarının və REIT-lərin inkişafı, həmçinin regional kapital bazarlarının inteqrasiyası daxildir.
Səfər çərçivəsində nümayəndə heyəti Pakistan Qiymətli Kağızlar və Birjalar Komissiyası (SECP) və Kapital Bazarlarının İnfrastruktur İnstitutlarının (CMIIs) birgə təşkilatçılığı ilə Kəraçidə keçirilən Beynəlxalq Kapital Bazarları Konfransı və Sərgisində iştirak edib. “Kapital bazarlarında regional inteqrasiya və innovasiya: əməkdaşlığın yeni erası” mövzusunda keçirilən tədbirə tənzimləyici qurumlar, birjalar və maliyyə liderləri qatılaraq, birgə inkişaf və innovasiya imkanlarını müzakirə ediblər.
Konfrans çərçivəsində Bakı Fond Birjasının İdarə Heyətinin sədri Ruslan Xəlilov “Kapital bazarı və regional əməkdaşlıq imkanları” adlı panel müzakirəsində çıxış edib. Sessiyada tənzimləmələr, regional əməkdaşlıq, fərdi investorların iştirakı, eləcə də rəqəmsallaşma, fintex və süni intellektin kapital bazarlarına çıxış imkanlarına təsiri kimi mövzular müzakirə olunub.
Konfransın ikinci günü Pakistan Fond Birjasında (PSX) təşkil olunub və beynəlxalq nümayəndə heyətləri ölkələrarası maliyyə əməkdaşlığını rəmzləşdirən “Gong” mərasimində iştirak ediblər.
Səfər müddətində Azərbaycan nümayəndə heyəti Pakistan Fond Birjası (PSX), Pakistan İnvestisiya Fondları Assosiasiyası (MUFAP), Mərkəzi Depozitariya Şirkəti (CDC), Al Meezan Investments, Arif Habib Limited (AHL) və Pakistan Milli Klirinq Şirkəti (NCCPL) ilə ikitərəfli görüşlər keçirib. Görüşlərdə rəqəmsal investisiya platformaları, fərdi investorların bazara cəlbi, eləcə də pensiya fondları, sığorta şirkətləri və suveren fondlar kimi institusional investorların bazar likvidliyinin artırılmasında və uzunmüddətli kapital formalaşmasında rolu müzakirə olunub.