AZƏRBAYCAN PARLAMENT NÜMAYƏNDƏ HEYƏTİNİN SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞINA SƏFƏRİ DAVAM EDİR
ƏR-RİYAD BÖLGƏSİNİN ƏMİRİ ŞAHZADƏ ƏMİR
SALMAN BİN ƏBDÜLƏZİZLƏ GÖRÜŞ
Fevralın 16-da Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Ər-Riyad bölgəsinin Əmiri Şahzadə Əmir Salman bin Əbdüləzizlə görüşdülər. Səmimi qarşılandıqları üçün təşəkkürünü bildirən Milli Məclisin sədri dedi: “Səudiyyə Ərəbistanı kimi müqəddəs torpağa gəldiyimiz üçün çox şadıq. Hər şeydən əvvəl mən Prezidentimiz İlham Əliyevin Kral həzrətlərinə göndərdiyi məktub haqqında məlumat vermək istəyirəm. Bildiyiniz kimi, ümummilli liderimiz Heydər Əliyev ölkənizin başçısını Azərbaycana dəvət etmişdi. Möhtərəm İlham Əliyevin məktubu bu dəvətin bir daha təsdiqidir.
Ölkələrimiz arasında dostluq əlaqələri Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. 1994-cü ildə Heydər Əliyev Səudiyyə Ərəbistanı Krallığına səfər edəndə mən də nümayəndə heyətinin tərkibində idim. O vaxt ölkələrimiz arasında iqtisadiyyat, ticarət, sərmayə, texnika, mədəniyyət, gənclər və idman sahələrinin qarşılıqlı inkişafı üçün Baş Saziş imzalandı və Birgə Bəyanat qəbul edildi. Aradan keçən 10 il ərzində çox faydalı işlər görülmüşdür.
Bu gün Heydər Əliyevin siyasi kursunu Prezidentimiz İlham Əliyev layiqincə davam etdirir. Qarşıdakı 5 il ərzində sosial-iqtisadi sahədə nəzərdə tutulmuş tədbirlər nəticəsində Azərbaycan daha böyük nailiyyətlər əldə edəcəkdir”.
Daha sonra Milli Məclisin sədri Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasındakı iqtisadi əlaqələrə toxunmuş, bu sahədə müştərək komissiyanın fəaliyyətini yüksək qiymətləndirmişdir. Milli Məclisin sədri qeyd etmişdir ki, Azərbaycan Respublikasının iqtisadiyyatına Səudiyyə Ərəbistanı Krallığı tərəfindən sərmayə qoyulmasının böyük əhəmiyyəti vardır.
Görüşdə Milli Məclisin sədri Ər-Riyadla Bakı şəhəri arasında daha sıx əlaqələr yaradılmasının əhəmiyyətini vurğuladı. Sədrin bu fikri məmnunluqla qarşılandı. Söhbət zamanı parlamentlərarası əlaqələrə toxunan nümayəndə heyətinin rəhbəri dedi: “Bu sahədə bizim əlaqələrimiz yüksələn xətt üzrə inkişaf edir. Keçən il Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri doktor Saleh bin Abdulla Humeydin Bakıya səfəri və bizim hazırda bu dost ölkədə olmağımız heç şübhəsiz ki, əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Beynəlxalq aləmdə, nüfuzlu qurumlarda da ölkənizin Dağlıq Qarabağ problemi ilə əlaqədar bizi dəstəkləməyinizi həmişə yüksək qiymətləndiririk”.
Sonra Ər-Riyad bölgəsinin Əmiri Şahzadə Əmir Salman bin Əbdüləziz ölkələrimiz arasındakı dostluq əlaqələrinə toxunaraq dedi: “Azərbaycan adı bizə çox əzizdir. Biz xalqınıza böyük rəğbət bəsləyirik. Sizin bu səfəriniz, inanıram ki, əlaqələrimizi daha da möhkəmləndirəcəkdir. Bizim qapılarımız həmişə sizin üzünüzə açıqdır”.
Şahzadə Əmir Salman bin Əbdüləziz daha sonra Azərbaycana sülh və səadət arzuladı, yekun sözündə o, belə dedi: “Ümidvaram ki, ölkələrimiz arasında mövcud olan əlaqələr bundan sonra daha da inkişaf edəcəkdir. Sizə uğurlar arzulayıram. Azərbaycanlı qardaşlarımızı biz həmişə fərəhlə qarşılayırıq. Çünki bizim dinimiz, ruhumuz, qəlbimiz birdir”.
Sonra nümayəndə heyətinin üzvləri səfər proqramına uyğun olaraq Səudiyyə Ərəbistanı Krallığının yaranma tarixini əks etdirən sarayla tanış oldular.
PARLAMENT SƏDRLƏRİNİN GÖRÜŞÜ
Həmin gün Milli Məclisin sədri Murtuz Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Səudiyyə Ərəbistanı Krallığı Şura Məclisinin sədri doktor Saleh bin Abdullah Humeydlə görüşdü.
Şura Məclisinin sədri nümayəndə heyətinin üzvlərini səmimi salamlayaraq, onları Səudiyyə Ərəbistanında və onun parlamentində görməkdən məmnun olduğunu bildirdi. O, ölkələrimiz arasında dostuq əlaqələrində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin böyük xidmətlərini vurğuladı, Prezident İlham Əliyevə və xalqımıza böyük uğurlar dilədi. Şura Məclisinin sədri parlamentin sədri Murtuz Ələsgərova onun dəvətini qəbul etdiyinə görə təşəkkürünü bildirdi, ölkələrimiz arasında gündən–günə inkişaf edən dostluq münasibətlərindən geniş söz açdı. O, qeyd etdi ki, respublikanızın Baş nazirinin birinci müavini ölkəmizdə idi. Yaxın günlərdə informasiya vasitələrinin nümayəndələrini də qəbul edəcəyik.
Şura Məclisinin sədri qeyd etdi ki, son illər parlamentlərimiz arasında əlaqələr yeni mərhələyə qədəm qoymuş, qarşılıqlı səfərlərin sayı artmışdır. Məhz bu səfərlərin nəticəsində faydalı işlər görülmüşdür.
Doktor Saleh bin Abdulla Humeyd Prezident Heydər Əliyevin sərəncamı ilə 2000-ci ildə iki ölkə arasında əməkdaşlığa dair müştərək komissiyanın yaradılmasını son dərəcə faydalı bir addım kimi qiymətləndirdi.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərov Səudiyyə Ərəbistanına dəvət edildiyi üçün Şura Məclisinin rəhbərliyinə, şəxsən doktor Saleh bin Abdulla Humeydə təşəkkürünü bildirdi.
Söhbət zamanı parlamentin sədri Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi üzərində xüsusi dayandı, bu problemlə əlaqədar Səudiyyə Ərəbistanının tutduğu mövqeyi təqdir etdi. Parlamentin sədri dedi: “Ermənistan Birləşmiş Millətlər Təşkilatının qəbul etdiyi dörd qətnaməyə məhəl qoymur. Avropa Şurasının işğalçı dövlət kimi tanıdığı Ermənistana münasibətdə bəzi dövlətlər ikili standart mövqeyi tuturlar. Azərbaycanın güclü ordusu vardır. Lakin biz bu problemin dinc yolla həll edilməsinin tərəfdarıyıq. Bu münaqişə sülh yolu ilə həll edilməsə, biz başqa vasitələrə əl atmalı olacağıq.
Səudiyyə Ərəbistanı beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini dəstəkləyir, məsələ ilə bağlı müvafiq qətnamələrin qəbul edilməsinə yardım göstərir. Buna görə biz Səudiyyə Ərəbistanının rəhbərliyinə və xalqına dərin təşəkkürümüzü bildiririk. 1994-1999-cu illər ərzində qaçqın və məcburi köçkünlərə Kral Fəhdin yardım proqramı, Səudiyyə Ərəbistanının “Nicat” xeyriyyə cəmiyyətinin gördüyü işlər xalqımız tərəfindən böyük rəğbətlə qarşılanmışdır” .
Milli Məclisin sədri Murtuz Ələsgərov daha sonra hökumətlərarası iqtisadi, ticarət, sərmayə, texnika, mədəniyyət və sair sahələr üzrə əməkdaşlığın son illərdə xeyli inkişaf etdiyini dedi. Sədr gələcəkdə iki ölkə arasında parlamentlərarası münasibətlərin, qanunvericilik sahəsində təcrübə mübadiləsinin vacibliyini bildirdi.
Şura Məclisinin sədri doktor Saleh bin Abdulla Humeyd məlumat üçün Milli Məclisin sədrinə təşəkkür etdi və dedi ki, o, hələ də keçən il Azərbaycana etdiyi səfərin təsiri altındadır.
Görüşün sonunda parlamentin sədri Şura Məclisinin sədrinə Milli Məclisin deputatı, nümayəndə heyətinin üzvü Vaqif Abdullayevin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyat və fəaliyyətinə həsr etdiyi, 1998-ci illdə nəşr olunmuş “O, böyük siyasətə hazırdır” kitabını hədiyyə etdi.
ŞURA MƏCLİSİNİN İCLASINDA
Həmin gün nümayəndə heyətinin üzvləri Şura Məclisinin iclasında iştirak etdilər. Şura Məclisinin sədri Azərbaycan parlament nümayəndə heyətini salamlayaraq dedi: “Azərbaycan parlament nümayəndə heyətinin bizim iclasımızda iştirakı əlaqələrimizin möhkəmliyini sübut edir. Mən azərbaycanlı həmkarlarıma xoş günlər və səfərlərinin uğurlu keçməsini arzulayıram”.
Şura Məclisinin növbəti yığıncağı gənclər probleminə həsr olunmuşdur. Bu mövzuda Səudiyyə Ərəbistanı Kralının oğlu Şahzadə Əmir məlumat verdi. Onun hesabatından sonra mövzu ilə bağlı müzakirələr aparıldı.
Sonra parlament nümayəndə heyətinin üzvləri Kral Əbdüləziz Tarix Mərkəzində oldular, Səudiyyə Ərəbistanı Krallığının ilk yaradıcısının həyatını əks etdirən eksponatlara baxdılar.
SƏUDİYYƏ ƏRƏBİSTANI KRALLIĞI ŞURA
MƏCLİSİNİN VƏ AZƏRBAYCAN PARLAMENTİ
ÜZVLƏRİNİN BİRGƏ TOPLANTISI
Fevralın 16-da axşam Şura Məclisində iki ölkənin parlament nümayəndələrinin birgə toplantısı keçirildi. Yığıncağı Şura Məclisinin sədri doktor Saleh bin Abdulla Humeyd açaraq Milli Məclisin sədri Murtuz Ələsgərovu və nümayəndə heyətinin üzvlərini salamladı, onun dəvətini qəbul etdiklərinə görə bir daha təşəkkürünü bildirdi. Sonra Şura Məclisinin sədri Səudiyyə Ərəbistanı Krallığının parlamentində yaradılmış Azərbaycanla dostluq qrupunun üzvlərini təqdim etdi və dedi: “Tariximizə nəzər salsaq, bizi bir-birimizə bağlayan əlaqələr çox qədim köklərə malikdir. Bu günümüzə baxsaq, yenə oxşar və bağlı cəhətlərimiz çoxdur. Hər ikimiz neft ölkəsiyik. Əlaqələrimiz yaxşıdır, ümidvericidir.
Bizim belə sıx və faydalı əməkdaşlığımız Heydər Əliyevin 1994-cü ildə ölkəmizə rəsmi səfərindən sonra mümkün olmuşdur. Bu, həqiqətdir. Biz bu əlaqələrlə gərək kifayətlənməyək, onu daha da inkişaf etdirək. Bu dediklərim parlamentlərarası əlaqələrə də aiddir. Bizim parlamentin 70 yaşı var. Mən arzu edirəm ki, dostluq münasibətlərimiz ildən–ilə daha da möhkəmlənsin”.
Şura Məclisinin sədri daha sonra Fələstin probleminə, İraq hadisələrinə toxundu. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ problemi ilə əlaqədar Səudiyyə Ərəbistanı Krallığının mövqeyini açıqladı, Azərbaycanı həmişə dəstəkləyəcəklərini bir daha bəyan etdi.
Sonra Milli Məclisin sədri Murtuz Ələsgərova söz verildi. O, parlament nümayəndə heyəti üzvlərinin təqdimatından sonra Azərbaycanda parlamentarizm ənənələrindən geniş söhbət açdı, 1918-ci ildə Xalq Cümhuriyyəti dövründə Şərq aləmində ilk demokratik respublikanın parlamentinin yaradılmasından danışdı. Sədr dedi: “O vaxt biz müstəqilliyimizi qoruya bilmədik. İndi isə bizim müstəqilliyimiz əbədidir. Azərbaycanın müstəqilliyi dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır”.
Milli Məclisin rəhbəri və Şura Məclisinin sədri öz çıxışlarında terrorizmə qarşı mübarizə probleminə toxundular və bu işdə birgə fəaliyyət göstərməyin zəruriliyini qeyd etdilər.
Sonra Milli Məclisin üzvü Cahangir Hüseynov və Şura Məclisinin nümayəndəsi doktor Bədr əl-Amməc çıxış edərək müzakirə olunan məsələlərə münasibətlərini bildirdilər.
Toplantının sonunda Milli Məclisin sədri Murtuz Ələsgərov Şura Məclisinin başçısı doktor Saleh bin Abdulla Humeydə Milli Məclisin nəşri olan “Heydər Əliyev və Azərbaycan parlamenti” adlı kitabı hədiyyə etdi.
Parlament nümayəndə heyətinin Səudiyyə Ərəbistanı Krallığına səfəri davam edir.