AZƏRBAYCAN PARLAMENTİNİN NÜMAYƏNDƏ HEYƏTİ TBİLİSİDƏ
Səfərin ilk günü Azərbaycan nümayəndə heyətini Gürcüstan parlamentinin sədri Nino Burcanadze qəbul etmişdir. N.Burcanadze qonaqları səmimiyyətlə salamlayaraq, Gürcüstan-Azərbaycan münasibətlərinin daha da dərinləşməsindən məmnun qaldığını vurğulamışdır. O, ölkəsinin enerji böhranı ilə üzləşdiyi ağır günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin gürcü həmkarı Mixail Saakaşvilinin telefon zəngindən dərhal sonra Gürcüstana qaz və elektrik enerjisi verilməsinə dair göstərişinin və bu qardaşlıq, dostluq yardımının respublikanın əhalisi tərəfindən minnətdarlıqla qarşılandığını bildirmiş, Azərbaycan iqtidarına təşəkkür etmişdir. N.Burcanadze Azərbaycan-Gürcüstan parlament əlaqələrinin bundan sonra daha intensiv surətdə inkişaf edəcəyinə əmin olduğunu demişdir.
Azərbaycan nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov səmimi qəbula görə Nino Burcanadzeyə təşəkkür etmiş, Prezident İlham Əliyevin və Milli Məclisin sədri Oqtay Əsədovun xoş arzularını çatdırmışdır. O, ölkələrimiz arasında bütün sahələrdə əlaqələrin inkişafının təkcə onlar üçün deyil, eləcə də region xalqlarının firavanlığı və əmin-amanlığı üçün böyük əhəmiyyət daşıdığını söyləmişdir.
Həmin gün Azərbaycan nümayəndə heyətinin üzvləri Gürcüstan parlamenti sədrinin müavini Cemal İnaişvili və xarici işlər nazirinin müavini Valeri Çeçelaşvili ilə görüşmüşlər.
Görüşlərdə Azərbaycan-Gürcüstan münasibətlərinin inkişafı sahəsində əldə olunmuş uğurlardan söhbət getmiş, ölkələrimzin məruz qaldıqları münaqişələrin həlli yolları barədə fikir mübadiləsi aparılmış, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti və cəsarəti sayəsində gercəkləşən taleyüklü layihələrin hər iki ölkə əhalisinin rifahının daim yüksəlməsinə xidmət edəcəyi, Prezidentlərin bir-birinə səmimi münasibətləri sayəsində xalqlarımız arasında dostluğun daha da möhkəmlənəcəyi dəfələrlə vurğulanmışdır. Azərbaycan və Gürcüstanın ərazi bütövlüyünün, enerji müstəqilliyinin təmin edilməsi istiqamətində aparılan işlərin yaxın gələcəkdə müsbət nəticələr verəcəyinə əminlik ifadə olunmuşdur.
Görüşlərdə Azərbaycanın Gürcüstandakı müvəqqəti işlər vəkili Surxay Əliyev iştirak etmişdir.