Azərbaycan Prezidenti: Ermənilərin Dağlıq Qarabağda qalması və Azərbaycan qanunları ilə yaşaması mümkündür
Bakı, 9 noyabr, AZƏRTAC
Ermənilərin Dağlıq Qarabağda qalması və Azərbaycan qanunları ilə yaşaması
mümkündür. Bir Prezident kimi, mən dəfələrlə demişəm ki, biz yanaşı yaşamaq istəyirik. Əgər biz yanaşı yaşamaq istəməsəydik, nəyə görə mən bunu deməliyəm ki?
AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev bu fikirləri “BBC News”a müsahibəsində səsləndirib.
Dövlətimizin başçısı sözünə davam edərək deyib: “Bu gün Azərbaycan Ordusu döyüşdə qalib gəlir. Bu gün biz şəhərləri, kəndləri bir-birinin ardınca azad edirik. Azərbaycanda istənilən şəxs prinsip etibarilə deyə bilər, baxın, onlar Xocalıda soyqırımı törətdilər, onlar azərbaycanlıları doğma torpaqlarından qovdular, onlar bizim bütün şəhərləri və kəndləri məhv etdilər”.
Müxbirin “ermənilər də iddia edirlər ki, onlar da qovulublar, onlar da illərlə qətliamların qurbanları olublar” replikasını Prezident İlham Əliyev belə cavablandırıb: “Onlar haradan qovulublar? Haradan? Onlar qovulmayıblar. Biz ermənilərə qarşı etnik təmizləmə törətməmişik. Xeyr, ermənilər Azərbaycanda yaşayırlar. Onlar bizi nəinki Dağlıq Qarabağdan qovublar, erməni əhalisinin heç vaxt yaşamadığı Dağlıq Qarabağla inzibati sərhəddə yerləşən yeddi rayondan qovublar. Onlar şəhərlərin, kəndlərin adlarını dəyişiblər”.