AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA BİRLİYİNİN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Qonaqları səmimiyyətlə salamlayan Prezident İlham Əliyev Brüsseldə Yaneş Potoçnik ilə keçirdiyi görüşü və apardığı danışıqları məmnunluqla xatırladı. Azərbaycanın Avropa Birliyinin yeni qonşuluq siyasətinin bir hissəsi olduğunu vurğulayan dövlətimizin başçısı, bu təşkilatın ölkəmizə və regiona olan marağını xüsusilə qeyd etdi. O, əmin olduğunu vurğuladı ki, ölkəmizin bu proqram çərçivəsində əməkdaşlığı daha uğurlu olacaqdır.
Prezident İlham Əliyev Azərbaycanın Avropa strukturlarına inteqrasiyasının siyasətimizin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, bu siyasətin gələcəkdə də davam edəcəyini söylədi.
Azərbaycan Prezidenti Avropa Birliyinə daxil olan ölkələrlə təkcə enerji sahəsində deyil, digər sahələrdə də işbirliyinin davam etdiriləcəyini bildirdi, enerji sahəsində əməkdaşlığa dair məsələlərin bu yaxınlarda Bakıda səfərdə olan Yunanıstanın Prezidenti və NATO sammiti zamanı Türkiyənin Prezidenti və Baş naziri ilə səmərəli şəkildə müzakirə olunduğunu diqqətə çatdırdı. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan sürətlə inkişaf edən ölkədir və hazırda sənayenin bir çox sahələrində böyük uğurlar əldə edilmişdir.
Dövlətimizin başçısı görüşdə iştirak edən Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Heyki Talvitiyenin də fəaliyyətini yüksək qiymətləndirirdi, Yaneş Potoçnikə Azərbaycana ilk səfərində uğurlar dilədi.
Cənab Yaneş Potoçnik ölkəmizdə səmərəli görüşlər keçirdiyini bildirərək dedi ki, Avropa Birliyi Azərbaycanın potensialını yüksək qiymətləndirir. Avropa Birliyinin genişlənməsindən sonra baş verən proseslər barədə Prezident İlham Əliyevə məlumat verən qonaq Türkiyənin Avropa ailəsinə yaxınlaşması üçün məsləhətləşmələr aparıldığını da söylədi. Onun sözlərinə görə, Avropa Birliyinin genişlənməsi reallıqlarla hesablaşmağı və qonşularla siyasəti yeni əsaslarda qurmağı tələb edir. Hazırladıqları hesabatda Cənubi Qafqaz ölkələri, xüsusilə mühüm coğrafi-siyasi əhəmiyyətə malik olan Azərbaycanla əməkdaşlığın inkişaf etdirilməsinə geniş yer ayrılmışdır. Bu ilin sentyabr ayında Avropa Birliyi yeni qonşuluq siyasəti proqramı çərçivəsində əməkdaşlığa dair sənədlər paketini də müzakirə edəcəkdir. Bu sənədlərdə enerji sahəsində əməkdaşlıq məsələləri də öz əksini tapmışdır. Bundan başqa, terrorizmə qarşı mübarizə, yoxsulluğun azaldılması və Avropa Birliyinin öz qonşuları ilə siyasətinin bir sıra ümumi cəhətləri də müzakirə olunacaqdır.
Görüşdə Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın perspektivlərinə dair ətraflı fikir mübadiləsi aparıldı.
Baş nazirin müavini Abid Şərifov, Azərbaycanın Avropa Birliyi yanında nümayəndəliyinin başçısı səfir Arif Məmmədov görüşdə iştirak edirdilər.