AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV AVROPA İTTİFAQI “ÜÇLÜYÜ”NÜN NÜMAYƏNDƏ HEYƏTİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 4-də Prezident sarayında hazırda Avropa
İttifaqında sədrlik edən Sloveniya Respublikasının xarici işlər naziri Dmitri Rupelin başçılıq etdiyi və Avropa Qonşuluq Siyasəti və xarici əlaqələr üzrə Avropa komissarı xanım Benita Ferrero-Valdnerin daxil olduğu Avropa İttifaqı “üçlüyü”nün nümayəndə heyətini qəbul etmişdir.
Dövlətimizin başçısı əmin olduğunu vurğuladı ki, Avropa İttifaqı “üçlüyü”nün regiona bu səfəri əməkdaşlığın inkişafı üçün yeni imkanlar yaradacaqdır. Avropa İttifaqı ilə əlaqələrimizin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirən Prezident İlham Əliyev bundan əvvəlki görüşlər zamanı da qarşılıqlı faydalı fikir mübadiləsi aparıldığını xatırlatdı. Dövlətimizin başçısı ümidvar olduğunu bildirdi ki, nümayəndə heyətinin bu səfəri də əldə edilmiş nailiyyətlərin möhkəmləndirilməsinə və əməkdaşlığın gələcək perspektivlərinin müzakirə olunmasına xidmət edəcəkdir.
Sloveniyanın xarici işlər naziri Dmitri Rupel Bakıya səfər zamanı nümayəndə heyətinin azərbaycanlı dostları və həmkarları ilə səmərəli görüşlər keçirmək niyyətində olduğunu söylədi. O, nümayəndə heyətinə Avropa Qonşuluq Siyasəti və xarici əlaqələr üzrə Avropa komissarı xanım Benita Ferrero-Valdnerin, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebinin və digər məsul şəxslərin daxil olduğunu bildirdi.
Görüşdə Azərbaycanla Avropa İttifaqı arasında müxtəlif sahələrdə əməkdaşlığın perspektivlərinə və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə dair fikir mübadiləsi aparıldı.