AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV BP ŞİRKƏTİNİN İCRAÇI DİREKTORU ENDRYU İNQLİSİ QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 24-də bp şirkətinin icraçı direktoru Endryu İnqlisi qəbul etmişdir.
Dövlətimizin başçısını təbrik edən Endryu İnqlis andiçmə mərasimində iştirak etməsindən məmnun olduğunu söylədi. O, Prezident İlham Əliyevin mərasimdə əhatəli çıxış etdiyini xüsusi vurğuladı.
Dövlətimizin başçısı təbrikə görə minnətdarlığını bildirdi.
Andiçmə mərasimindəki çıxışına toxunan Prezident İlham Əliyev ölkəmizdə son beş ildə təkcə neft-qaz sektorunda deyil, hər bir sahədə, o cümlədən təhsil səhiyyə, infrastrukturun inkişafı, siyasi və digər sahələrdə böyük irəliləyişlərin olduğunu qeyd etdi.
Dövlətimizin başçısı Azərbaycanda əldə olunan bütün bu nailiyyətlərin əsasında uğurlu enerji siyasətinin və zəngin enerji resurslarının dayandığını dedi. bp şirkəti ilə ölkəmizin artıq on beş il əməkdaşlıq etdiyini bildirən Prezident İlham Əliyev bu əməkdaşlığın gələcəkdə də davam etdiriləcəyinə əminliyini söylədi.
######
