AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV MDB-NİN İCRAÇI KATİBİNİ QƏBUL ETMİŞDİR
Azərbaycan dövlətinin başçısı qonağı səmimiyyətlə salamlayaraq, onu məsul vəzifəyə - MDB-nin icraçı katibi vəzifəsinə seçilməsi münasibətilə təbrik etdi. O, Vladimir Ruşaylonun namizədliyinin dövlət başçıları tərəfindən yekdilliklə dəstəkləndiyini vurğulayaraq, onun dövlət fəaliyyəti və ictimai-siyasi fəaliyyət sahəsində böyük təcrübəsi olduğunu bildirdi. Prezident İlham Əliyev Vladimir Ruşaylonun ölkəmizə keçmiş səfərlərini, Rusiya Federasiyasında yüksək dövlət vəzifələrində çalışdığını xatırladaraq, Azərbaycan-Rusiya əməkdaşlığının inkişafına töhfəsindən söz açdı. Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətinin mühüm cəhətlərindən biri olan MDB çərçivəsində əməkdaşlıqdan danışaraq, bu münasibətlərin əsasının qoyulması və inkişaf etdirilməsi prosesində ümummilli liderimiz Heydər Əliyevin misilsiz rolunu nəzərə çarpdırdı. Dövlətimizin başçısı yüksək səviyyəli görüşlərin əhəmiyyətini qeyd edərək dedi ki, Moskvada konstruktiv ruhda keçirilən sonuncu qeyri-rəsmi görüş MDB çərçivəsində qarşılıqlı əlaqələrin möhkəmlənməsinə xidmət etmişdir.
Prezident İlham Əliyev Vladimir Ruşayloya yeni vəzifəsində uğurlar arzuladı.
MDB-nin icraçı katibi Vladimir Ruşaylo onun namizədliyinin dəstəklənməsinə görə Azərbaycan rəhbərinə təşəkkürünü bildirdi və əmin etdi ki, MDB İcraiyyə Komitəsinin və ümumən, Birliyin fəaliyyətinin daha da təkmilləşdirilməsi üçün səylərini əsirgəməyəcəkdir. O, səfərinin məqsədindən danışaraq, Prezident İlham Əliyevə Bakıda keçirdiyi görüşlər barədə məlumat verdi və dedi ki, bu görüşlərdə Azərbaycanın MDB çərçivəsində əməkdaşlığının perspektivləri müzakirə olunmuşdur. MDB-nin icraçı katibi bildirdi ki, iqtisadi inteqrasiya əməkdaşlığın çox mühüm istiqaməti olaraq qalır və bu inteqrasiyanın inkişaf etdirilməsi üçün var qüvvəsi ilə səy göstərəcəkdir. Vladimir Ruşaylo humanitar sahəni, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, mütəşəkkil cinayətkarlıqla mübarizəni əməkdaşlığın əsas istiqamətləri adlandırdı.