AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASI PREZİDENTİ ADMİNİSTRASİYASININ RƏHBƏRİ SERGEY NARIŞKİNİ QƏBUL ETMİŞDİR
Bakı, 23 yanvar (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 23-də Rusiya Federasiyası Prezidenti Administrasiyasının rəhbəri Sergey Narışkini qəbul etmişdir.
Görüşdə ölkələrimiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən humanitar sahədə uğurla inkişaf etdiyi vurğulandı.
Bakıda keçirilən Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun əhəmiyyətinin qeyd olunduğu görüşdə bu cür tədbirlərin Azərbaycan ilə Rusiya arasında əməkdaşlığın daha da dərinləşməsi işinə xidmət etdiyi bildirildi. Qeyd edildi ki, ölkələrimiz arasında humanitar sahədə əlaqələr möhkəm əsaslara söykənir və əlaqələrimiz beynəlxalq sahədə humanitar əməkdaşlıq üçün yaxşı nümunədir.
Azərbaycan Prezidentinin Humanitar Əməkdaşlıq üzrə Birinci Azərbaycan-Rusiya Forumunun iştirakçıları ilə səmərəli və məhsuldar görüşünün əhəmiyyəti vurğulandı. Görüşdə forumun növbəti ildən mütəmadi olaraq keçirilməsinin və formatının genişləndirilməsinin məqsədəuyğun olduğu bildirildi.
######
