AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV ŞƏHİDLƏRİN ƏZİZ XATİRƏSİNİ YAD ETMİŞDİR
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
Bakının ən yüksək nöqtələrindən birində hər bir azərbaycanlı üçün müqəddəs and yerinə çevrilmiş bir yer var. Bu, 20 Yanvar faciəsi qurbanlarının və Ermənistanın hərbi təcavüzünə qarşı döyüşlərdə həlak olanların dəfn edildiyi Şəhidlər xiyabanıdır. 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı qırğından 17 il keçməsinə baxmayaraq, xalqımız o müdhiş gecəni daim xatırlayır, həmin faciəsini ağrısı ilə yaşayır, bu vəhşiliyi törədənlərə öz dərin nifrətini bildirir. Hər il yanvarın 20-də minlərlə insan buranı ziyarət edir, Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş Azərbaycan oğul və qızlarının əziz xatirəsini ehtiramla yad edir.
Cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı qərəzli siyasətinə, ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərinin açıq-aşkar dəstəklənməsinə və o zamankı respublika rəhbərliyinin xəyanətkar mövqeyinə etiraz əlaməti olaraq ayağa qalxmış geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş bölmələrinin yeridilməsi Bakıda misli görünməmiş faciəyə gətirib çıxardı, böyük itkilərlə, günahsız insanların ölümü ilə nəticələndi. Lakin bu qanlı terror xalqımızın iradəsini, milli qürurunu sarsıda, azadlıq eşqini boğa bilmədi. 20 Yanvar faciəsi öz azadlığına, müstəqilliyinə can atan, sovet rejiminin hərbi, siyasi və mənəvi təcavüzünə məruz qalmış xalqımızın həm də mübarizliyini, əyilməzliyini, məğrurluğunu, tarixi qəhrəmanlıq ənənələrinə sadiq olduğunu bütün dünyaya nümayiş etdirdi. Xalqımız uzun illərdən bəri arzusunda olduğu müstəqilliyə qovuşdu və ölkəmiz suverenlik əldə etdi.
Həmin günlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş, öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. O müdhiş gecədə həlak olanlar Azərbaycanın tarixinə parlaq səhifə yazdılar, xalqın milli azadlığı, müstəqilliyi üçün yol açdılar. Nəsillər dəyişəcək, lakin Vətən oğullarının xatirəsi ürəklərdə əbədi yaşayacaqdır.
Sovet hakimiyyətinin süqutundan və Azərbaycanın dövlət müstəqilliyinin bərpa edilməsindən sonra bir müddət başları hakimiyyət uğrunda mübarizəyə qarışmış Azərbaycan rəhbərləri xalqımıza qarşı törədilmiş bu ağır cinayətin səbəblərinin araşdırılması, ona siyasi-hüquqi qiymət verilməsi və cinayətkarların müəyyən edilməsi istiqamətində məqsədyönlü iş aparmadılar. Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildi və cinayəti törədənlərin adları ictimaiyyətə çatdırıldı.
Keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə kimi qalacaqdır. Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. 20 Yanvar gününün Azərbaycanın tarixində ölkəmizin azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmanlıq rəmzi kimi böyük əhəmiyyəti vardır.
X X X
Yanvarın 20-də səhər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qanlı yanvar faciəsində həlak olanların əziz xatirəsini yad etmək üçün Şəhidlər xiyabanına gəldi.
Şəhidlərin ruhuna dua oxundu.
Prezident İlham Əliyev matəm musiqisinin sədaları altında “Əbədi məşəl” abidəsi önünə əklil qoydu. Əklilin üzərindəki lentdə bu sözlər yazılmışdı: “Azərbaycan Respublikasının Prezidentindən”.
Müdafiə Nazirliyinin Əlahiddə nümunəvi hərbi orkestrinin ifasında Azərbaycanın dövlət himni səsləndi.
Şəhidlərin xatirəsini yad etməyə gəlmiş xarici ölkələrin Bakıdakı səfirləri, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan Prezidenti İlham Əliyevə dərin hüznlə başsağlığı verdilər, xalqımızın kədərinə şərik olduqlarını söylədilər.
Prezident İlham Əliyev diplomatik korpusun rəhbərlərinə, xarici qonaqlara təşəkkürünü bildirdi.
Dövlət təşkilatlarının rəhbər işçiləri, respublikamızda fəaliyyət göstərən dini icmaların başçıları da şəhidlərin xatirəsini yad etməyə gəlmişdilər.
X X X
Şəhidlər xiyabanının ziyarət olunması mərasimində Baş nazir Artur Rasizadə, Milli Məclisin sədri Oqtay Əsədov, Prezidentin İcra Aparatının rəhbəri Ramiz Mehdiyev, Baş nazirin, parlament sədrinin nazirin müavinləri və digər rəsmi şəxslər iştirak edirdilər.
X X X
Xalqımıza qarşı törədilən bu faciənin ildönümü günü paytaxt sakinləri, respublikamızın rayon və şəhərlərinin nümayəndələri, eləcə də xarici ölkələrdən gəlmiş çoxsaylı qonaqlar sübh tezdən dəstə-dəstə Şəhidlər xiyabanı ziyarət edərək, Azərbaycanın qəhrəman oğl və qızlarının əziz xatirəsini dərin ehtiramla yad edir, şəhidlərin məzarları üzərinə və “Əbədi məşəl” abidəsinin önünə əklillər, gül dəstələri qoyur, Vətən övladlarına Allah-taaladan rəhmət diləyirdilər.





