AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TƏBRİZ ŞƏHƏRİNDƏ BÖYÜK HƏRARƏTLƏ, MƏHƏBBƏTLƏ QARŞILANMIŞDIR
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 26-da Təbriz şəhərinə gəlmişdir.
Təbrizin hava limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Şərqi Azərbaycan əyalətinin valisi Məhəmmədəli Sübhanullahi və digər rəsmi şəxslər böyük hörmət və ehtiramla qarşıladılar.
Prezident İlham Əliyevə və onun xanımı Mehriban Əliyevaya gül dəstəsi təqdim olundu. Milli geyimli azərbaycanlı uşaqlar dövlətimizin başçısını şeirlə salamladılar.
Təbriz şəhərinin küçələrində Azərbaycan Prezidenti İlham Əliyevin pişvazına çıxmış sakinlər dövlətimizin başçısını hərarətlə salamlayırdılar.
Azərbaycan Prezidenti İlham Əliyevi Təbrizə səfərdə İranın kooperasiya naziri Əli Sufi, xarici işlər nazirinin müavini Möhsün Əminzadə, İran Prezidentinin Xəzər məsələləri üzrə xüsusi nümayəndəsi Mehdi Səfəri, Azərbaycanın Tehrandakı səfiri Abbasəli Həsənov və İranın Bakıdakı səfiri Əfşar Süleymani müşayiət edirdilər.