AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV TÜRKİYƏNİN ÖLKƏMİZDƏKİ SƏFİRİ TURAN MORALINI QƏBUL ETMİŞDİR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 26-da Prezident sarayında Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Turan Moralını Azərbaycanda diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul etmişdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin bütün sahələr üzrə uğurla inkişaf etdiyini bildirdi və əlaqələrimizin inkişafında səfirin fəaliyyətini yüksək qiymətləndirdi. Dövlətimizin başçısı gələcək fəaliyyətində diplomata uğurlar arzuladı.
Turan Moralı ölkəmizdə diplomatik fəaliyyəti dövründə ona yaradılan yüksək şəraitə və göstərilən köməyə görə şəxsən dövlətimizin başçısına minnətdarlıq etdi. Səfir iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduğunu bildirdi.