AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV UKRAYNANIN SƏFİRİNİ QƏBUL ETMİŞDİR
Prezident İlham Əliyev Boris Aleksenkonun Ukraynanın Azərbaycanda səfiri vəzifəsində fəaliyyətini yüksək qiymətləndirərək, ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmlənməsinə verdiyi töhfəyə görə ona təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti səfirin hələ diplomatik xidmətdə fəaliyyətindən əvvəlki dövrdə ölkəmizin sənaye potensialının inkişafında böyük xidmətlərindən danışaraq, Azərbaycan cəmiyyətində yüksək nüfuz qazandığını vurğuladı.
Sonra dövlətimizin başçısı səfirin Ukrayna ilə Azərbaycan Respublikası arasında dostluq əlaqələrinin və strateji əməkdaşlığın inkişafında xidmətlərinə görə layiq görüldüyü “Şöhrət” ordenini ona təqdim etdi.
Boris Aleksenko onun fəaliyyətinə yüksək qiymət verildiyinə görə təşəkkür edərək, bunu Azərbaycan ilə Ukrayna arasında yaranmış və memarı görkəmli dövlət xadimi və siyasi xadim, ümummilli lider Heydər Əliyev olan dostluq münasibətlərini səciyyələndirən əlamət kimi dəyərləndirdi. O, Heydər Əliyevin rəhbərliyi ilə müxtəlif məsul vəzifələrdə işlədiyi dövrü dərin məmnunluq hissi ilə xatırlayaraq, o illəri “böyük həyat məktəbi” adlandırdı.
Səfir Azərbaycan-Ukrayna münasibətlərindən danışaraq, Prezident Heydər Əliyevin 1997-ci ildə və Prezident İlham Əliyevin bu il Ukraynaya dövlət səfərlərini bu əlaqələrin inkişafı tarixində əlamətdar hadisə kimi qiymətləndirdi. O, ölkələrimiz arasında əmtəə dövriyyəsinin dinamik şəkildə, ildən-ilə artmasının Azərbaycan və Ukraynanın iqtisadi inkişafının yüksək sürətinin ümumi vəziyyətinə müsbət təsir göstərdiyini xüsusi qeyd etdi. Boris Aleksenko Ukrayna üçün çətin dövrdə Azərbaycanın ona qardaşcasına yardım göstərməsini xatırladaraq, bunu ölkələrimiz arasında yaranmış strateji tərəfdaşlığın konkret təzahürü kimi qiymətləndirdi.
Səfir bildirdi ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi islahatları Ukraynada böyük maraqla müşahidə edirlər. Boris Aleksenko əmin olduğunu vurğuladı ki, bütün bu proseslər Azərbaycan xalqının rifahının daha da yüksəlməsinə kömək edəcəkdir.
Səfir diplomatik nümayəndəliyin fəaliyyətinə Azərbaycan rəhbəri İlham Əliyevin və Ukrayna Prezidenti Leonid Kuçmanın göstərdikləri diqqəti xüsusi vurğuladı və Prezident İlham Əliyevə təşəkkür məktubu təqdim etdi.