AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV VƏ PAKİSTAN PREZİDENTİ PƏRVİZ MÜŞƏRRƏF HEYDƏR ƏLİYEV FONDUNDA OLMUŞLAR
Burada Prezident Pərviz Müşərrəfə və nümayəndə heyətinin üzvlərinə Azərbaycan xalqının ümummilli liderinin xatirəsinə ehtiram əlaməti olaraq yaradılan Fondun məqsədləri barədə məlumat verildi. Bildirildi ki, Fondun əsas məqsədləri Prezident Heydər Əliyevin zəngin irsinin öyrənilməsinə, Azərbaycanın tərəqqisinə yönəldilmiş genişmiqyaslı proqramların həyata keçirilməsini dəstəkləməkdən, müstəqil Azərbaycanın iqtisadi qüdrətinin artmasına xidmət edən layihələrin gerçəkləşdirilməsində iştirak etməkdən, əhalinin rifahının yüksəldilməsinə dair müxtəlif proqramların və tədbirlərin dəstəklənməsindən, milli-mənəvi dəyərlərin qorunması, azərbaycançılıq ideologiyasının və Azərbaycan mədəniyyətinin geniş təbliği ilə bağlı işlərin görülməsinə kömək göstərməkdən ibarətdir.
Dövlətimizin başçısı İlham Əliyev ali qonağa və onu müşayiət edən şəxslərə ümummilli liderimiz Heydər Əliyevin şəxsi arxivindən götürülmüş və müxtəlif dövrlərə aid eksponatlar barədə ətraflı söhbət açdı.
Qonaqlar Heydər Əliyevin həyatının ən müxtəlif məqamlarını əks etdirən, Azərbaycan tarixinin bütöv bir dövrü barədə geniş təsəvvür yaradan çoxsaylı fotoşəkillərlə, dünyanın məşhur siyasi liderlərinin bəxş etdikləri hədiyyələrlə, dahi öndərimiz haqqında kitablarla tanış oldular.
Dost ölkənin dövlət başçısı İqtisadi Əməkdaşlıq Təşkilatının 2000-ci ildə Tehranda keçirilmiş iclası zamanı Azərbaycan Prezidenti Heydər Əliyevlə birgə çəkilmiş fotoşəklə xüsusi maraqla baxdı.
Sonra Pakistan Prezidenti Pərviz Müşərrəf Fondun fəxri qonaqları kitabına ürək sözlərini yazdı: “Mərhum Heydər Əliyev elə bir nadir rəhbərlər qrupuna daxil idi ki, o, öz ölkəsinin tarixinin ən həlledici məqamında meydana gəlmiş və xalqını firavanlıq, tərəqqi yolu ilə aparmışdır.
Şəxsən mən Heydər Əliyevi çox müdrik və uzaqgörən bir dövlət xadimi kimi tanımışam və əminəm ki, onun miras qoyduğu standartlar Azərbaycanın gələcək nəsilləri üçün istifadə ediləcəkdir”.
Dövlət başçıları və qonaqlar Fondun eyvanına çıxaraq, Bakının mənzərəsini seyr etdilər. Prezident İlham Əliyev şəhərdə görülən işlərdən danışdı. Pakistan Prezidenti Bakıda geniş miqyasda tikinti işlərinin aparılmasını yüksək qiymətləndirdi.