AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YAPONİYA BEYNƏLXALQ ƏMƏKDAŞLIQ AGENTLİYİNİN PREZİDENTİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısını səmimiyyətlə salamlayan Sadako Oqata Azərbaycan Prezidentinin Yaponiyaya ilk səfərinin çox uğurlu olacağına və ölkələrimiz arasında əməkdaşlığın inkişafında yeni mərhələ açacağına əminliyini söylədi. Yaponiyanın Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafına xüsusi maraq göstərdiyini, Yaponiya şirkətlərinin Azərbaycanda bir sıra mühüm layihələrə sərmayə qoyduğunu və ölkəmizə kreditlər ayrıldığını xatırladan xanım Sadako Oqata dedi ki, biz Azərbaycanla əməkdaşlığı genişləndirmək istəyirik. Azərbaycan Qafqazda elə bir ölkədir ki, onun iqtisadiyyatının inkişafına qoyulan istənilən sərmayə gələcəkdə bəhrəsini verəcək və dinamik inkişafa səbəb olacaqdır.
Prezident İlham Əliyev Yaponiyaya ilk səfərinin ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlığın daha da möhkəmlənməsi və genişlənməsində yeni mərhələ açacağına ümidvar olduğunu vurğuladı. Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi ilə Azərbaycan arasında yaranmış əlaqələrdən razılığını ifadə edən dövlətimizin başçısı bildirdi ki, ölkələrimizin əməkdaşlığının genişləndirilməsi üçün yaxşı imkanlar və perspektivlər vardır.
Söhbət zamanı Azərbaycanla JİCA arasında əməkdaşlığın perspektivləri barədə geniş fikir mübadiləsi aparıldı.