AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEV YUNESKO-NUN BAŞ DİREKTORU KOİŞİRO MATSUURANI QƏBUL ETMİŞDİR
Bakı, 19 mart (AZƏRTAC). Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 19-da YUNESKO-nun baş direktoru Koişiro Matsuuranı qəbul etmişdir.
YUNESKO-nun rəhbəri Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən Beynəlxalq Muğam Festivalının rəsmi açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfər etməsindən məmnunluğunu bildirdi. Azərbaycanda gedən sürətli iqtisadi inkişaf proseslərinə toxunan Koişiro Matsuura ölkəmizdə mədəniyyət sahəsində də böyük işlərin görüldüyünü söylədi.
Azərbaycan Prezidenti dünyadakı maliyyə böhranına baxmayaraq, ölkəmizdə bütün istiqamətlərdə, o cümlədən mədəniyyət sahəsində də sürətli inkişafa nail olunduğunu bildirdi. Azərbaycanda mədəniyyətlə bağlı həyata keçirilən layihələrdən danışan dövlətimizin başçısı bu baxımdan Bakıda Beynəlxalq Muğam Festivalının keçirilməsinin əhəmiyyətini xüsusi vurğuladı. Prezident İlham Əliyev Koişiro Matsuuranın ölkəmizə bu səfərinin Azərbaycanla YUNESKO arasında əməkdaşlığın daha da genişlənməsinə xidmət edəcəyinə əminliyini söylədi.
######
