RƏSMİ XRONİKA
AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN MACARISTAN PARLAMENTİNİN SƏDRİ XANIM KATALİN SİLİ İLƏ GÖRÜŞÜ
AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Macarıstan Respublikası Parlamentinin - Milli Assambleyanın sədri xanım Katalin Sili ilə görüşmüşdür.
Görüşdə parlamentlərarası əlaqələrdən danışan xanım Katalin Sili dedi ki, biz Azərbaycanı strateji tərəfdaş hesab edir, müxtəlif sahələrdə və beynəlxalq təşkilatlarda əməkdaşlığa böyük əhəmiyyət veririk. O, Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycanın önəminin çox böyük olduğunu vurğuladı və humanitar sahədə əməkdaşlığın faydasından da danışdı.
Prezident İlham Əliyev qarşılıqlı əlaqələrin uğurla inkişaf etdiyini, ikitərəfli münasibətlərdə parlamentlərarası əməkdaşlığın rolunu xüsusi vurğuladı. Azərbaycanın Avratlantik strukturlara inteqrasiya etdiyini bildirən dövlətimizin başçısı dedi ki, bu işdə iki ölkənin parlamentləri arasında əməkdaşlıq əhəmiyyətlidir. Prezident İlham Əliyev beynəlxalq təşkilatlarda parlamentarilərin uğurlu əməkdaşlığını xatırlatdı və bunun daha da genişlənəcəyinə əminliyini bildirdi.
Görüş başa çatdıqdan sonra dövlətimizin başçısı parlamentin fəxri qonaqlar kitabını imzaladı.
######