AZƏRBAYCAN PREZİDENTİ İLHAM ƏLİYEVİN RUSİYAYA RƏSMİ SƏFƏRİ
İTAR-TASS AGENTLİYİNDƏ MƏTBUAT KONFRANSI
Dövlətimizin başçısını İTAR-TASS-ın baş direktoru Vitali İqnatenko və agentliyin digər əməkdaşları səmimiyyətlə qarşıladılar.
Prezident İlham Əliyev agentliyin binası ilə tanışlıqdan sonra Rusiyaya rəsmi səfərinin yekunlarına dair mətbuat konfransı keçirdi.
Dövlətimizin başçısı jurnalistlərin Rusiya-Azərbaycan əlaqələrinin inkişaf perspektivləri və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, Baki-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, beynəlxalq və regional əməkdaşlıq məsələlərinə dair çoxsaylı suallarına ətraflı cavab verdi.
Mətbuat konfransında Rusiyanın aparıcı KİV-lərinin nümayəndələri, habelə 20-dək xarici ölkənin Moskvada akkreditə olunmuş jurnalistləri iştirak edirdilər.
Mətbuat konfransından sonra Prezident İlham Əliyevin Rusiyanın aparıcı mətbuat orqanlarının baş redaktorları ilə süfrə arxasında işgüzar görüşü oldu. Görüşdə baş redaktorları maraqlandıran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.