Azərbaycan qardaş Türkiyənin göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstəyi heç zaman unutmayacaq
Ankara, 8 noyabr, AZƏRTAC
Azərbaycanın tarixi Qələbəsinin birinci ildönümü, 8 Noyabr - Zəfər Günü münasibətilə Türkiyənin Ərzurum şəhərində silsilə tədbirlər, o cümlədən təntənəli bayram mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Ərzurumdakı qədim Ulu məsciddə Zəfər Gününə həsr edilən fotosərginin açılışı olub.
Sonra Ərzurumun Şəhidlər xiyabanı, eləcə də şəhərdəki Heydər Əliyev Parkı ziyarət edilib.
Azərbaycanın Qarsdakı Baş konsulluğu, Ərzurum Valiliyi və Ərzurum Büyükşəhər Bələdiyyəsi tərəfindən bu şəhərdə yerləşən Atatürk və texniki universitetlərdə birgə təşkil olunan mərasimlərdə Azərbaycan və Türkiyənin Dövlət himnləri səsləndirilib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Azərbaycanın Qarsdakı baş konsulu Nuru Quliyev, Ərzurum valisi Okay Memiş, Ərzurum Büyükşəhər Bələdiyyəsinin sədri Mehmət Sekmən çıxış edərək, şanlı Qələbəmizin tarixi əhəmiyyətindən, Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrindən danışıblar. İftixarla qeyd olunub ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qələbə çalan yenilməz Azərbaycan Ordusu dünyaya Azərbaycan xalqının gücünü və birliyini göstərdi. Azərbaycan xalqı haqq işində qardaş Türkiyənin göstərdiyi qətiyyətli siyasi-mənəvi dəstəyi heç zaman unutmayacaq.
Naxçıvan Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru Elman Cəfərli çıxışında böyük Qələbənin qazanılmasına aparan yoldan və tarixi Zəfərin əhəmiyyətindən danışıb. Alim diqqətə çatdırıb ki, Azərbaycan Ordusu öz torpağı, hüquq və ədalətin bərpası uğrunda döyüşüb. Bu gün təntənə ilə qeyd olunan Zəfər məhz həmin mübarizəmizin real nəticəsidir.
Tədbir zəngin bədii-musiqili proqramla davam edib.
Türkiyənin 9-cu ordu komandanı Erhan Uzun, AKP Ərzurum vilayət təşkilatının sədri Mehmet Emin Öz, Ərzurum vilayət Polis İdarəsinin rəisi Levent Tuncer, Atatürk Universitetinin rektoru Ömer Çomaklı, Ərzurum Texniki Universitetinin rektoru Bülent Çakmak və digər rəsmi şəxslər də daxil olmaqla, protokol heyəti Ərzurumda keçirilən bütün tədbirlərdə iştirak ediblər.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara