AZƏRBAYCAN QHT-LƏRİ AVROPA ŞURASINA MÜRACİƏT ETMİŞLƏR
AZƏRTAC xəbər verir ki, Dağlıq Qarabağ münaqişəsinə dair Böyük Britaniyadan olan deputat, Avropa Demokrat Qrupunun rəhbəri Devid Atkinsonun hazırladığı və yanvarın 25-də AŞPA-nın qış sessiyasında müzakirə olunacaq məruzə ilə əlaqədar yanvarın 13-də Beynəlxalq Mətbuat Mərkəzində milli qeyri-hökumət təşkilatlarının nümayəndələri fikirlərini açıqlamışlar.
Azərbaycan Milli QHT Forumunun prezidenti Azay Quliyev məruzənin əsas müddəaları ilə bağlı mülahizələrini bildirərək vurğulamışdır ki, Avropa Şurasının problemin ədalətli və beynəlxalq hüquq normaları çərçivəsində həllinə maraqlı olduğu təəssüratı yaranır. Belə ki, məruzədə Ermənistanın işğalçı dövlət olduğu, işğal edilmiş ərazilərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıldığı, hazırda həmin ərazilərə separatçı qüvvələrin nəzarət etdiyi, bu bölgədə Ermənistanın mono-etnik dövlət yaratmaq niyyəti qeyd edilmişdir. Bununla yanaşı, məruzədə Azərbaycan üçün bir sıra taleyüklü məsələlər öz əksini tapmamışdır.
Müzakirədə çıxış edənlər Azərbaycan və Ermənistan ictimaiyyəti arasında inam və etimadın yaradılması üçün ərazilərin azad edilməsinin, məcburi köçkünlərin dərhal öz torpaqlarına qaytarılmasının, onlara dəymiş maddi və mənəvi zərərə görə Ermənistanın müvafiq təzminat ödəməsinin, Xocalı faciəsinə Avropa Məhkəməsində hüquqi qiymət verilməsinin və digər mühüm məsələlərin məruzədə təfərrüatı ilə göstərilməsinin vacibliyini söyləmiş, AŞPA-nın bütün üzvlərinin problemin həlli ilə bağlı ədalətli mövqe tutacaqlarına əmin olduqlarını bildirmişlər.
Müzakirələrdən sonra 100-dən artıq QHT tərəfindən imzalanmış müraciətin mətni Avropa Şurasının baş katibi Terri Devisə, AŞPA-nın sədri Piter Şiderə və baş katib Bruno Hallerə, Siyasi məsələlər komitəsinə, deputatlara və Avropa Şurasının üzvü olan ölkələrin Azərbaycandakı səfirliklərinə göndərilmişdir.