Azərbaycan realist rəssamlıq məktəbinin banisi - Bəhruz Kəngərli
Bu gün Azərbaycan rəssamlıq sənətinə yeni üslub və milli ruh gətirən Bəhruz Kəngərlinin doğum günüdür
Bakı, 22 yanvar, AZƏRTAC
Bəhruz Kəngərli qısa ömrü ərzində çox ilklərə imza atıb. Görkəmli fırça ustası Azərbaycanın sulu boya ilə işləyən ilk rəngkarı, ilk realist boyakarı və Naxçıvanın ilk teatr rəssamı olub. Həm də Azərbaycanın ilk ali təhsilli rəssamı kimi də adı tarixdə qalıb.
AZƏRTAC xəbər verir ki, bu gün Bəhruz Kəngərlinin anadan olmasının 134-cü ildönümü tamam olur.

Cəmi 30 il ömür sürən Bəhruz Kəngərli yaradıcılıqla, sadəcə, 7 il məşğul ola bilib. Uşaqlıqda keçirdiyi ciddi xəstəlik gənc rəssamın sənətə olan sonsuz sevgisini qətiyyən azaltmayıb, həyat eşqinin alovlanmasına əngəl ola bilməyib.

Ulu Öndər Heydər Əliyev Bəhruz Kəngərlinin zəngin yaradıcılıq irsini belə qiymətləndirib: “Onun əsərləri həddindən artıq qiymətlidir. Birincisi, onun rəssamlıq ustalığına görə, istifadə etdiyi rənglərə görə. İkincisi, onun yaratdığı obrazlara görə, mən insan obrazlarını deyirəm, xüsusən, o ağır dövrün, 1918-1919-1920-ci illərin çətin dövründə bizim xalqımızın ağır vəziyyətdə olmasını öz əsərlərində əks etdirib”.
Qədim Naxçıvan torpağı Bəhruz Kəngərli üçün ilham mənbəyi olub. Doğma Naxçıvan onun yaradıcılığında qırmızı xətlə keçib. Bu qədim diyarın ecazkar və füsunkar təbiəti istedadlı rəssam təxəyyülü ilə Bəhruz Kəngərli yaradıcılığında bu gün də yaşayır.

Vaxtilə sovet hökumətinin dağıtdığı bir çox abidələr məhz Bəhruz Kəngərlinin əsərləri sayəsində bərpa olunub. Nuh Peyğəmbərin məzarının yeri də qüdrətli fırça ustasının yaratdığı tablolar əsasında müəyyən edilərək məzarüstü türbə bərpa edilib. Nuhun türbəsinin xarici görünüşü, tikinti quruluşu, memarlıq üslubu haqqında ən sanballı və nadir mənbələrdən biri Azərbaycanın ilk realist rəssamı Bəhruz Kəngərlinin naturadan çəkdiyi “Nuhun türbəsi” ilə bağlı silsilə əsərləridir.
1921-ci ildə Azərbaycanda açılan ilk böyük sərgidə Kəngərlinin 500-dən çox əsəri nümayiş etdirilib. Fırça ustasının yaradıcılığında mənzərə janrı da mühüm yer tutub.

Bəhruz Kəngərli ilk peşəkar rəssam kimi Azərbaycan boyakarlığında realizmin əsasını qoyub, onu yeni ictimai məzmun və janr, yeni təsvir metodu və ifadə vasitələri ilə zənginləşdirib. Bəhruz Kəngərlinin əsərləri onun ev-muzeyi ilə yanaşı, Azərbaycan Dövlət İncəsənət Muzeyində, Naxçıvan Dövlət Tarix Muzeyində, Moskva Dövlət Tarix Muzeyində qiymətli eksponatlar kimi qorunub saxlanılır.