“Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılmışdır
Bakı, 5 oktyabr (AZƏRTAC). “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanununun layihəsi Milli Məclisin müzakirəsinə çıxarılmışdır.
AZƏRTAC xəbər verir ki, qanun layihəsi oktyabrın 5-də Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunmuşdur.
Komitənin sədri Əli Hüseynli demişdir ki, 2009-cu ilin mart ayında referendum yolu ilə Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər edilərkən keçmiş prezidentlərin və onların ailə üzvlərinin təminatı ilə bağlı qanun layihəsinin hazırlanması məsələsi qarşıya vəzifə kimi qoyulmuşdur. Müzakirəyə təqdim olunan layihə məhz, həmin dəyişikliklərin məntiqi nəticəsidir.
Sonra Milli Məclis Aparatının və layihə ilə bağlı işçi qrupunun rəhbəri Səfa Mirzəyev məsələ ilə bağlı ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, layihə hazırlanarkən ABŞ, Rusiya və digər ölkələrin bu sahədəki təcrübəsi diqqətlə öyrənilmişdir.
Qanun layihəsində keçmiş prezidentlər üçün 8 növ təminat nəzərdə tutulmuşdur. Bunlardan biri keçmiş Prezidentin pensiya təminatıdır. Qanun layihəsində deyilir ki, keçmiş Prezident Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin əsas aylıq əmək haqqının əlli (50) faizinə bərabər aylıq pensiya almalıdır. Lakin Azərbaycan Respublikası Konstitusiyasının 107-ci maddəsinə uyğun olaraq impiçment qaydasında Prezident vəzifəsindən kənarlaşdırılan şəxs həmin pensiyanı ala bilməz.
Keçmiş Prezident vəfat etdikdən sonra onun həyat yoldaşına və ya həyat yoldaşı olmadıqda öhdəsində olan uşağına prezidentə ödənilməli olan pensiyaya bərabər müavinət ödəniləcəkdir. Həmin pensiya və müavinət əlavə dəyər vergisindən azad olunur.
Bundan başqa, layihədə keçmiş Prezidentə dövlət tərəfindən xidməti avtomobilin verilməsi, təhlükəsizliyinin təminatı üçün 3 nəfər cangüdən ayrılması, şəxsi arxiv yaratması üçün vəsait də nəzərdə tutulmuşdur. Keçmiş Prezident prezidentliyi dövründəki və ondan əvvəlki dövrdəki fəaliyyətinə görə məsuliyyətə cəlb edilə bilməz. Keçmiş Prezident və onun həyat yoldaşı ömürlük diplomatik pasportla da təmin olunacaqlar.
Sonra layihə ətrafında müzakirələr olmuş, deputatlar rəy və təkliflərini bildirmişlər.
Qanun layihəsi baxılmaq üçün Milli Məclisin müzakirəsinə tövsiyə olunmuşdur.