AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA MƏHKƏMƏSİNDƏ BEYNƏLXALQ HUMANİTAR HÜQUQ MÖVZUSUNDA DƏYİRMİ MASA KEÇİRİLMİŞDİR
Rusiya Federasiyasının Konstitusiya Məhkəməsindən, Syerra-Leonenin Xüsusi Məhkəməsindən və Beynəlxalq Cinayət Məhkəməsindən mütəxəssislərin iştirak etdiyi dəyirmi masanı Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev açaraq qonaqları salamlamış və müasir beynəlxalq humanitar hüquqda müşahidə olunan yeni yanaşmaların bəşəriyyət üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamış, Azərbaycanın məhkəmə orqanlarının fəaliyyətində onun vacibliyini qeyd etmişdir.
Rusiya Federasiyası Konstitusiya Məhkəməsinin müşaviri, professor Bəxtiyar Tuzmuxamedov dəyirmi masada Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutunun implementasiyasının konstitusion məsələlərini əhatə edən geniş məruzə ilə çıxış etmişdir. Syerra-Leonenin Xüsusi Məhkəməsinin hüquq məsələləri üzrə müşaviri Siril Lauççi Roma statutunda nəzərdə tutulan cinayət hüququnun ümumi prinsipləri və Beynəlxalq Cinayət Məhkəməsinin Roma statutundakı cinayətlərin tərifi ilə bağlı bir sıra fikirləri iştirakçıların diqqətinə çatdırmışdır.
Beynəlxalq Qızıl Xaç Komitəsinin Rusiya Federasiyasında hüquq məsələləri üzrə regional müşaviri, professor Filip Ksavye universal yurisdiksiya və tamamlıq prinsipinin bəşəriyyət üçün əhəmiyyəti haqqında ətraflı məlumat vermişdir.
Sonra dəyirmi masanın iştirakçıları geniş fikir mübadiləsi aparmış, beynəlxalq humanitar hüququn məhkəmə praktikasında tətbiq olunması ilə bağlı bir sıra məsələləri müzakirə etmişlər.
Dəyirmi masanın işində Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin və Respublika Prokurorluğunun məsul əməkdaşları iştirak etmişlər.