AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV ATƏT-İN MİNSK QRUPUNUN HƏMSƏDRLƏRİNİ QƏBUL ETMİŞDİR
Qonaqları salamlayan Prezident İlham Əliyev ATƏT-in Minsk qrupunun üzvləri ilə Bakıda və digər yerlərdə keçirilmiş görüşləri xatırlatdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması sahəsində Minsk qrupunun fəaliyyətinin əhəmiyyətli olduğunu söyləyərək, eyni zamanda, problemin həlli ilə məşğul olan bu qurumun fəaliyyətinin hələ də heç bir nəticə vermədiyini təəssüflə qeyd etdi. Dövlətimizin başçısı tezliklə bu münaqişənin öz həllini tapacağına ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev Azərbaycanın mövqeyinin ATƏT-in Minsk qrupunun həmsədrlərinə yaxşı məlum olduğunu, bu mövqenin prezidentlər və xarici işlər nazirləri arasında keçirilmiş görüşlərdə dəfələrlə bəyan edildiyini deyərək, bir daha vurğuladı ki, Azərbaycanın mövqeyi münaqişənin yalnız və yalnız beynəlxalq hüquq normaları əsasında həll olunmasından ibarətdir. Dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi kimi təcavüzkar separatizmlə müşayiət olunan bütün digər münaqişələrə də bu cür vahid yanaşmanın vacibliyini vurğulayaraq, yalnız bu halda münaqişələrin öz həllini tapa biləcəyini bildirdi. Azərbaycan Prezidenti işğal olunmuş torpaqların qeyd-şərtsiz azad olunması ilə əlaqədar BMT-nin məlum dörd qətnaməsinin hələ də Ermənistan tərəfindən yerinə yetirilmədiyini bir daha diqqətə çatdırdı.
ATƏT-in Mİnsk qrupunun Fransadan olan həmsədri Anri Jakolen öz həmkarları adından Bakıya növbəti səfərlərindən məmnun olduqlarını söyləyərək, Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər barədə dövlətimizin başçısına məlumat verdi.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı.
Xarici işlər naziri Elmar Məmmədyarov, Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov görüşdə iştirak edirdilər.