AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV İTAR-TASS AGENTLİYİNİN BAŞ DİREKTORUNU QƏBUL ETMİŞDİR
Azərbaycan dövlətinin başçısı qonağı salamlayaraq, İTAR-TASS agentliyinin rəhbərliyi ilə Moskvada, habelə Ümumdünya Rus Mətbuatı Konqresi zamanı Bakıda keçirilən görüşləri səmimiyyətlə xatırladı. Prezident İlham Əliyev Azərbaycan-Rusiya əlaqələrindən söz açaraq vurğuladı ki, son illər ölkələrimizin müxtəlif sahələrdə - siyasi, iqtisadi, humanitar və digər sahələrdə münasibətləri uğurla inkişaf edir. Bu yaxınlarda müvəffəqiyyətlə keçən Rusiya-Azərbaycan biznes forumu, Azərbaycanda Rusiya mədəniyyəti günləri, təkcə humanitar sahəni deyil, digər sahələri də əhatə edəcək Azərbaycanda Rusiya ili və Rusiyada Azərbaycan ili keçirilməsinin planlaşdırılması buna parlaq sübutdur. Dövlətimizin başçısı cari ilin əvvəlində Rusiya Federasiyasına rəsmi səfərinin yekunlarından məmnun qaldığını söyləyərək, əmin olduğunu bildirdi ki, bu münasibətlər gələcəkdə də ardıcıl surətdə inkişaf edəcəkdir.
Prezident İlham Əliyev İTAR-TASS agentliyi ilə Azərbaycanın informasiya agentlikləri arasında əməkdaşlığın yüksək səviyyədə olduğunu qeyd edərək, onun daha da genişlənəcəyinə ümid bəslədiyini bildirdi.
İTAR-TASS agentliyinin baş direktoru Vitali İqnatenko səmimi qəbula görə Azərbaycan dövlətinin başçısına təşəkkür edərək, Rusiya informasiya agentliyi rəhbərinin indiki səfərini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskvaya rəsmi səfəri zamanı onunla Rusiya Federasiyasının Prezidenti Vladimir Putin arasında əldə olunmuş razılaşmaların gerçəkləşdirilməsi kimi qiymətləndirdi. İTAR-TASS agentliyi baş direktorunun sözlərinə görə, bu müddət ərzində informasiya əməkdaşlığı sahəsində böyük uğurlar əldə edilmişdir. Vitali İqnatenko əlamətdar bir hadisənin - ümummilli lider Heydər Əliyevin ölkəyə rəhbərliyə gəlməsinin respublikada geniş qeyd edildiyi günlərdə Azərbaycana səfərini rəmzi səfər adlandırdı.
Qonaq səfərinin məqsədindən danışaraq dedi ki, informasiya mübadiləsi sahəsində gələcək qarşılıqlı fəaliyyətin konkret planı hazırlanmışdır. O, əmin olduğunu bildirdi ki, dövlətlərimizin başçılarının ciddi diqqəti altında olan Azərbaycan-Rusiya birgə informasiya məkanı səmərəli surətdə inkişaf etdiriləcəkdir.