AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ İLHAM ƏLİYEV RUSİYA FEDERASİYASI HÖKUMƏTİNİN KEÇMİŞ SƏDRİNİ QƏBUL ETMİŞDİR
Dövlətimizin başçısı qonağı səmimiyyətlə salamlayaraq, Viktor Çernomırdinin Rusiya Federasiyasının qaz sənayesinə başçılıq etdiyi və sonralar hökumətin sədri olduğu dövrdə onunla Azərbaycan arasında sıx əlaqələr yarandığını vurğuladı. Prezident İlham Əliyev xatırlatdı ki, həmin illərdə Rusiya ilə Azərbaycan arasında neft və qaz sənayesi, enerji daşıyıcılarının nəqli və ümumən, ikitərəfli iqtisadi əlaqələrin möhkəmləndirilməsi sahəsində əməkdaşlığın inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.
Azərbaycan rəhbəri vaxtilə qonağı və ümummilli liderimiz Heydər Əliyevi bağlayan dostluq tellərindən danışaraq, dərin məmnunluqla qeyd etdi ki, bu əlaqələr həmişə dərin qarşılıqlı hörmət hisslərinə əsaslanmışdır.
Prezident İlham Əliyev Rusiya-Azərbaycan münasibətlərindən söz açaraq, bu münasibətlərin möhkəm təmələ əsaslanan müsbət dinamikasını nəzərə çarpdırdı. Azərbaycan dövləti başçısının cari ilin əvvəlində Rusiya Federasiyasına rəsmi səfəri, orada keçirilmiş səmərəli danışıqlar və görüşlər bunun yaxşı təsdiqi olmuşdur. Bu yaxınlarda Bakıda uğurla keçən Rusiya mədəniyyəti günləri, Rusiya-Azərbaycan biznes forumu, Rusiyada Azərbaycan və Azərbaycanda Rusiya illərinin keçirilməsinin planlaşdırılması, hökumətlərarası komissiyanın səmərəli işi, rəsmi nümayəndə heyətlərinin tez-tez qarşılıqlı səfərlər etməsi ölkələrimiz arasında qarşılıqlı anlaşmanın yüksək səviyyədə olduğuna sübutdur. Prezident İlham Əliyev ümidvar olduğunu bildirdi ki, bu meyllər bundan sonra da strateji tərəfdaşlıq ruhunda davam etdiriləcəkdir.
Azərbaycan rəhbəri Ukraynaya dövlət səfəri zamanı Viktor Çernomırdinlə sonuncu görüşünü xatırlayaraq, ümummilli lider Heydər Əliyevin bu ölkədə abidəsinin açılış mərasimində iştirakına görə ona təşəkkür etdi və bunu həm Viktor Çernomırdin tərəfindən, həm də, ümumən, Rusiya tərəfindən onun xatirəsinə dərin ehtiram əlaməti kimi qiymətləndirdi.
Rusiya hökumətinin keçmiş sədri səmimi qəbula görə dövlətimizin başçısına təşəkkür edərək, Rusiya Prezidenti Vladimir Putinin salamını ona yetirdi. Viktor Çernomırdin Azərbaycanla çoxillik əlaqələrindən danışaraq, ümummilli lider Heydər Əliyevin vəfatından dərindən təəssüfləndiyini bildirdi. Qonaq ona həmişə unudulmaz təsir bağışlayan bu görkəmli siyasi xadimlə görüşlərini böyük səmimiyyətlə xatırladı. Viktor Çernomırdin dərin məmnunluqla vurğuladı ki, hələ ötən əsrin 80-ci illərində öz elmi fəaliyyəti ilə əlaqədar Azərbaycanda olarkən, habelə müxtəlif məsul dövlət vəzifələrində çalışarkən Azərbaycanın ümummilli lideri Heydər Əliyevin həssas qayğısı və diqqətini duyurdu.
Qonaq Azərbaycan-Rusiya münasibətlərinin daha da inkişaf etdiriləcəyinə və möhkəmləndiriləcəyinə ümid bəslədiyini söylədi.
Sonra Viktor Çernomırdinin adından dövlətimizin başçısına Azərbaycanın ümummilli lideri Heydər Əliyevin və Prezident İlham Əliyevin təsvir edildiyi rəsm əsəri təqdim olundu.
Qəbulda Baş nazirin birinci müavini Abbas Abbasov, Rusiyanın Azərbaycandakı səfiri Nikolay Ryabov iştirak edirdilər.